Bu gün, noyabrın 14-də Samux rayonunda elektrik yarımstansiyasında yanğınla nəticələnən partlayış baş verib.
Qəza zamanı xəsarət alan var. Yaralının Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıldığı deyilir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, yanıq xəsarətləri alan şəxsin hazırda vəziyyəti ağırdır. Qəza ilə bağlı araşdırma aparılır.
Yerli sakinlərin Azadlıq Radiosuna bildirməsinə görə, yarımstansiya ərazi etibarilə Samux rayonuna aid olsa da, "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə (ASC) məxsusdur.
Bu gün, noyabrın 14-ü səhər saatlarında orada təmir işləri başlandığı bildirilir. Qəzanın da bu zaman baş verdiyi güman edilir.
Dünən, noyabrın 13-də isə Bakının Şüvəlan qəsəbəsindəki "Şimal" Elektrik Stansiyasında yanğın baş vermişdi.