İt gəlib dəmirçidən nə aparacaq?
Atalar məsəli
Yaxın gələcəkdə bir hekayə yazmaq fikrindəyəm. Hekayə yazmaq üçün isə xüsusi ovqat lazımdır. Adi vəziyyətdə masa arxasında oturmaq gözlənilən effekti vermir. Mövzu nə olursa olsun, yazanda gərək xüsusi ovqatla yazasan (ürəyinin qanı ilə yaza bilsən, daha yaxşı olar).
Yazmaq üçün xüsusi ovqatı, adətən, bir neçə vasitə ilə yarada bilirəm.
- Köhnə məişət əşyaları, köhnə mebellər, köhnə jurnallar, pioner qalstukları, boş ətir qabları, tərəzilər, maqnitafon kasetləri, bayraqlar, medallar, döş nişanları və sairə köhnə şeylər satılan bazarda gəzirəm.
Köhnə əşyalar, mebellər yaddaşımı qıcıqlandırır, müxtəlif evlər, məkanlar, hadisələr, bu dünyadan o biri dünyaya köçüb getmiş adamlar yadıma düşür, kədərlənirəm, bir növ qaşınmayan yerdən qan çıxarıram və yaranan ovqatı yazdığım mətnə ötürürəm.
- Hansısa rəssamın, bəstəkarın, yazıçının həyatından bəhs edən əsər oxuyuram.
Müxtəlif dövrlərdə yaşayıb və yaratmış əcdadlarla ünsiyyətə girib onları hiss etmək istəyirəm. Çox vaxt yazmaq üçün adama öz gücü bəs eləmir, gərək başqa yerdən də güc alasan. Yaradıcılıq prosesində meraca cəhd etmək vacib şərtdir.
- Köhnə filmlərə, köhnə tamaşalara baxıram.
Köhnə filmlər də köhnə məişət əşyaları, köhnə mebellər kimi yaddaşımı qıcıqlandırır, kədərlənirəm və sairə və ilaxır... Qalanın özünüz bilirsiniz.
Yuxarıda yazılan üç vasitədən heç biri xüsusi ovqat yaratmaqda işə yaramayanda dördüncü və ən çətin vasitəyə əl atmağa məcbur oluram. Sağ dizimi iti bıçaqla azca kəsirəm və kəsdiyim yerə bir çimdik duz tökürəm. Ta burda təffərrüata girməyi vacib hesab etmirəm. Bəndəniz üçün çox intim məsələdir. Bircə onu deyə bilərəm ki, bəzən ruhun özünü ifadə etməsinə, üzə çıxmasına şərait yaratmaq üçün bədəni cəzalandırmaq, yumşaq desək, bədənin ipini yığmaq lazım gəlir. Yazmaq və yaratmaq qurban tələb edir. Düzdü, bu söz çox işlədilib bir az urvatdan düşsə də, həqiqətən belədir. Özü dəyazmaq və yaratmaq elə-belə qurban yox, ciddi qurban tələb edir. Con Apdayk bu barədə çox dəqiq deyibdir: “Sənətin gücü içində gizlənmiş əzabla ölçülür. Həqiqətən də, kim ki əzab çəkməyib, onun deməyə sözü yoxdur”.
Elə iki gün əvvəl xüsusi ovqat axtarışında, xüsusi ovqat tapmaq məqsədi ilə oturub Lüdmila Qurçenkonun baş rolda oynadığı “Mexanik Qavrilovun sevimli qadını” filminə baxdım. Bir çox Sovet filmlərində olduğu kimi bu filmdə də elə bir ciddi əsas, elə bir ciddi ehtiyac olmadığı halda gürcü musiqisi, gürcü mövzusu televiziya işçilərinin təbirincə desək, kadra girdi. İki gün əvvəl “Mexanik Qavrilovun sevimli qadını” filminə baxmasaydım və filmdə elə bir əsas, elə bir ciddi ehtiyac olmadığı halda gürcü musiqisi, gürcü mövzusu kadra girməsəydi, çox güman, böyük ehtimalla bu yazını yazmağa, bir daha gürcü mövzusuna qayıtmağa özümdə güc, istək tapmayacaqdım...
Gürcüstanda keçirilən prezident seçkisi müəyyən qədər siyasiləşmiş, müəyyən qədər aktiv azərbaycanlıların gürcüləri və Gürcüstanda baş verən hadisələri müzakirə etməsinə növbəti dəfə səbəb oldu. Siyasiləşmiş, aktiv azərbaycanlıların Gürcüstanda baş verən hadisələrə münasibətləri müxtəlifdir. Hər bir münasibətin üzərində ayrıca dayanmağa, hətta onları sadalamağa belə həvəs yoxdur. Lakin bir münasibət var ki, onun üzərində ayrıca dayanmaq məcburiyyətindəyik. Bu münasibət də ondan ibarətdir ki, gürcülərlə azərbaycanlıların mədəni səviyyə baxımından elə bir fərqi yoxdur, fərq yalnız siyasi sistemdədir. Sistemin insanlara mənfi və müsbət təsiri şəksizdir. Bu mövzuda mübahisə etmək, mübahisəyə girmək əlavə enerji itkisidir. Lakin gürcülərlə azərbaycanlıların arasında mədəni baxımdan fərqin olmadığını iddia etmək də kökündən səhvdir. Görəsən, aktiv azərbaycanlılar niyə belə düşünürlər? Nəyi əldə əsas tutub düşünürlər ki, gürcülərlə azərbaycanlılar arasında mədəni baxımdan fərq yoxdur? Bəlkə bu, onların arzusudur? Viktor Hüqo deyirdi ki, arzuda iradə yoxdur. İnsan arzularını dilə gətirdikdə iradə nümayiş etdirə bilmir. Yeni bir insanın təbiətinə bələd olmaq istəyirsənsə, onun hansı arzularla yaşadığını öyrənməlisən...
On beş ildir, Gürcüstana gəlib-getməkdəyəm. Üst-üstə təxminən beş ildən artıq Gürcüstanda yaşamışam. Gürcülərin ədəbiyyatına, mədəniyyətinə, mentalitetinə, tarixinə kifayət qədər bələdəm. Bəzən gürcü yazıçı və şair tanışlarım deyirlər ki, sən gürcülərin ədəbiyyatını gürcülərin çoxundan yaxşı bilirsən. Hərdən düşünürəm ki, başqa bir xalqın nümayəndəsi olaraq bu xalqı, bu ölkəni nə qədər tanımaq mümkündürsə, tanımışam. Amma hər dəfə belə düşündükdən, bu qənaətə gəldikdən sonra qarşıma elə adam, elə fakt çıxır ki, mat qalıram. Mat qalıram ki, bu adam necə yetişib, harda yetişib, bu fakt necə yaranıb? Məni mat qoyan adamın, faktın Azərbaycanda analoqunu axtarıram və əlbəttə ki, tapmıram. Görəsən hansı Azərbaycan futbolçusu gürcü futbolçusu Quram Kaşiyanın atdığı addımı atmağa cəsarət edərdi? Quram Kaşiyaya görə gürcü cəmiyyəti iki yerə bölündü. Gərgin mübahisələr, qızğın müzakirələr getdi. Milliyyətçilər onu dəfələrlə hədələdilər. Milli komandadan qovulmasını tələb etdilər. Quram Kaşiya isə dedi ki, mən atdığım addıma görə təəssüf etmirəm, peşman deyiləm, mən həmişə insan azadlığını dəstəkləyib zorakılığın əleyhinə olmuşam. Heç bir Azərbaycan futbolçusu Quram Kaşiyanın atdığı addımı atmağa cəsarət etməzdi. Ümumiyyətlə, görəsən hansısa azərbaycanlı futbolçunun leksikonunda insan azadlığı ifadəsi varmı, ümumiyyətlə hansısa Azərbaycan futbolçusu bu sözün nə məna verdiyini başa düşürmü? İdmandan keçək siyasətə. Görəsən, hansı Azərbaycan siyasətçisi gürcü siyasətçisi Zurab Caparidze kimi öz reklamını porno saytda yerləşdirməyə cəsarət edə bilər. Bu kimi, buna oxşar faktlar çoxdur və bu kimi, buna oxşar faktların, hadisələrin hamısını bir-bir yazmağın mənası yoxdur. Arifə bir işarə, qanmaza min toppuz.
Gürcülərlə azərbaycanlıların arasında mədəni-siyasi baxımdan fərqin olmadığını bəyan edən adam öz savadsızlığını, məlumatsızlığını nümayiş etdirir. Sizə tam qətiyyətlə deyirəm, gürcülərin akademik mədəniyyətinin səviyyəsi, akademik mədəniyyətinin göstəricisi cümlə müsəlmanların akademik mədəniyyətinin səviyyəsindən, göstəricisindən üstündür.
Gürcülər həm çar, həm də Sovet zamanında Qafqazın ən siyasiləşmiş xalqı idilər. Əgər biz rus inqilabının tarixi ilə maraqlansaq, qarşımıza neçə-neçə gürcü familiyası çıxacaq. Təsəvvür edin, Rusiya Dövlət Dumasında sosial-demokrat fraksiyasının rəhbəri gürcü idi. İrakli Sereteli. Petroqrad Fəhlə və Əsgər şurasının sədri də gürcü idi. Nikolay Çxeidze.
1978-ci ildə Qafqaz respublikalarında yerli dillərin (gürcü, erməni, Azərbaycan) dövlət dili kimi qalması da gürcülərin xidməti idi. Moskva yerli dillərin dövlət dili kimi qalmasını qadağan edirdi. Azərbaycanda bu qadağaya etiraz etməyə heç kimin cəsarəti çatmırdı və rus dilində danışan azərbaycanlılar Azərbaycan dilində danışan azərbaycanlılardan iyrənirdilər. Gürcülər isə 14 apreldə küçələrə tökülüşərək gürcü dilinin dövlət dili kimi qadağan edilməsinə kəskin etirazlarını bildirdilər. İzdihamlı mitinq keçirdilər. Divarlara gürcü dilinin dövlət dili kimi saxlanılmasını tələb edən şüarlar yazdılar. Bu etirazın nəticəsində gürcü dilinin dövlət dili kimi qalmasına nail oldular. Gürcülərin sayəsində erməni və Azərbaycan dilləri də dövlət dili olaraq qaldı. Çünki Moskva bir Qafqaz respublikasında yerli dilin dövlət dili kimi qalmasına icazə verib, digər ikisində qadağan edə bilməzdi. Belə bir variant alınmırdı. Bu barədə bir dəfə yazmışdım, indi bir daha təkrar yazmağım heç də səbəbsiz deyil. Ona görə ki, 1978–ci ildə Azərbaycan dilinin dövlət dili kimi qalması haqqında Azərbaycanda nəhəng bir əsatir qurub-quraşdırıblar.
Bəli, xoruzlar banladı, səhərlər açıldı, çaqqallar ulaşdı, axşamlar düşdü, həftələr, aylar, illər ötdü və Cənubi Qafqazda yaşayan xalqların səviyyəsi öz sözünü dedi. Heç kimin xətrinə dəyməsin, əgər varsa, qüruruna toxunmasın, indi azərbaycanlı sözü rəiyyət, qul, kölə sözünün sinonimi kimi səslənir. Görünən dağa nə bələdçi? Azərbaycanlı sözünün rəiyyət, qul, kölə sözünün sinonimi kimi səslənməsiylə razılaşmayanlar zəhmət çəkib AzTV-nin “Xəbərlər” proqramına çox yox, on beş dəqiqə baxsınlar. AzTV nəhəng bir həqiqət güzgüsüdür. Əslində Azərbaycanın həqiqisi Xəzərin o tayındadır. Türkmənistan. Azərbaycan əslində tam bir Türkmənistan olmalıdır. Sadəcə, Azərbaycanın tam Türkmənistan olmasına coğrafiya mane olur. Qonşulardan əsən yellər beş-altı adamı dingildədir və səmimi, təbii ab-hava pozulur.
Seymur Baycan
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi saytımızın mövqeyi ilə üst-üstə düşməyə bilər.