Steynar Gil: “Mənim mövqeyim doğru idi” [müsahibə]

Steynar Gil: “Mənim mövqeyim doğru idi” [müsahibə]
14 Noyabr 2018
Mətni dəyiş

Steynar Gil ilə bu müsahibə 7 il öncə yazılıb. Son hadisələr və rəsmi Bakının onun ünvanına tənqidlərilə bağlı bu yazını yenidən dərc etməyi lazım bildik.

Norveçin Azərbaycandakı keçmiş səfiri Steynar Gil bəlkə də nə zamansa Azərbaycanda çalışmış nüfuzlu, hörmətli diplomatlardan biridir. Eyni zamanda hakimiyyətin sevmədiyi səfirlərdən biri olub. Onu demək yetər ki, nə XİN rəhbəri, nə də dövlət başçısı onunla vidalaşdı, bu da hakimiyyətin pis münasibətinin təzahürü idi.

Lakin demokratik ictimaiyyət üçün Gil demokratik cəmiyyətin nümayəndəsinin ən yaxşı çizgilərini özündə birləşdirən, Qərb dəyərlərinin daşıyıcısı idi. Və bu gün siyasətçilər, jurnalistlər, hüquq müdafiəçiləri və sıravi vətəndaşlar Steynar Gili tez-tez xatırlayırlar, istər-istəməz onu hər gələn yeni səfir ilə müqayisə edirlər.

Osloda olarkən "Skandinaviya canavarı" (biz öz aramızda Gili belə çağırardıq) ilə ünsiyyətdə olmaq fürsətini qaçıra bilməzdim. Norveç Helsinki Komitəsindən olan dostların sayəsində Steynar Gili tapa bildim və məmnuniyyətlə görüşüb Turan-a müsahibə verməyə razı oldu.

Cənab səfir bu illər ərzində heç dəyişməyib: həminki sərt baxış, ancaq gülərkən bu baxışdan əsər-əlamət qalmır və onun açıq mavi gözləri uşaq kimi parlayır.

- Fevralın 1-də istefa verdim, indi dərs deməklə məşğulam və kitab yazıram - Steynar Gil ötən həftə Azadlıq Forumunun keçirildiyi Norveç Milli Teatrında mənimlə söhbətə bu sözlərlə başladı.

- 2006-cı ildə Azərbaycandan getdikdən sonra oradakı dostlarımla əlaqələrimi kəsmədim və 4 ildə Litvada səfir işlədiyim müddətdə Azərbaycanın və onun vətəndaşlarının taleyinə laqeyd qalmadım, çünki daim vəziyyətin pisləşdiyini görürdüm.

Azərbaycan hakimiyyəti sizi qeyri-obyektiv və Azərbaycanı sevməyən insan adlandırırdı, deyirdilər ki, diplomatik etiketi pozursunuz. Necə oldu ki, hakimiyyətlə münasibətləriniz korlandı?

- Hər şey 2003-cü il seçkilərindən başladı, hətta bir qədər əvvəl- 2002-ci ilin dekabrından. Həyat yoldaşım mənə telefon edərək dedi ki, şəhərin mərkəzində polis adamları döyür. Mən dərhal gəldim və öz gözlərimlə gördüm ki, yerdə huşsuz vəziyyətdə uzanmış insanları dəyənəklə başlarından vururlar. Bu, bizim üçün güclü şok idi və mən bunu pislədim. 2003-cü ilin prezident seçkiləri keçiriləndə polis yenə də meydanda adamları döyərək həbs edirdi. Bir neçə nəfər mənə müraciət edərək sığınacaq xahiş etdi.

Bunlar Rauf Arifoğlu, İlqar İbrahimoğlu və Elmar Hüseynov idi. Onların ikisi 3-4 gün qaldı, Elmar isə getdi. Onların müraciətinin səbəbi həbs və oğurlanma təhlükəsi ilə bağlı idi. Mən yardım istəyən istəyənlərə "yox" deyə bilməzdim, üstəlik, ətrafda baş verənlər göstərirdi ki, onların narahatlığı əsassız deyil. Onu demək yetər ki, İlqar İbrahimoğlunu elə məsciddə həbs etmək istəyirdilər. Eyni zamanda mən özüm də çətin vəziyyətdə idim, çünki onları uzun müddət saxlaya bilməzdim.

Odur ki, öncə öz rəhbərliyimə müraciət etdim və onların dəstəyini aldım, sonra Azərbaycan hakimiyyətilə əlaqə yaratdım və tələb etdim ki, mənim iqamətgahımda sıqınacaq tapmış insanlara qarşı güc tətbiq edilməyəcək. Mənə aydın idi ki, hakimiyyət onları həbs edəcək, ancaq heç olmasa hakimiyyətin başqalarına elədiklərinin onlara edilməsinə yol verməyə bilərdim. Çox şadam ki, bu, mümkün oldu. Xələf Xələfovun (xarici işlər nazirinin müavini) və DİN rəhbərliyinin mənim tələblərimi qəbul etməsinə nail oldum. Baxmayaraq ki, sonra məni aldatmaq istədilər. Belə ki, növbəti gün Rauf Arifoğlu mənə telefon edib dedi ki, olduğu binanın qarşısında mülki geyimli şəxslər toplaşıb və onları onunla haqq-hesab çəkməyə göndəriblər. Mən dərhal DİN-ə telefon etdim və açıqlama tələb etdim, özüm isə hadisə yerinə getdim. 15 dəqiqədən sonra gözlərimin önündə polislər gələrək camaatı dağıtdı. Bundan sonra mənə telefon edib dedilər ki, orada heç kim olmayıb, mənə elə gəlib (gülür).

- Belə şeylər avropalı mövqeyindən necə qarşılanır?

- Əlbəttə, fərq böyükdür. Məsələn, korrupsiya bizdə də var. Ancaq sizin cəmiyyətdə bu, tamamilə başqa cürdür. Və ya seçkilər, onların necə keçirilməsi. Sizin xadimlərdən biri deyib ki, seçkilər xalqın iradəsi deyil, hakimiyyətə hörmətdir (gülür). Belə təəssürat yaranır ki, "Əli və Nino" əsərinin yazıldığı vaxtdan bu yana heç nə dəyişməyib. Və düşünürəm ki, mənim seçkilərin necə keçirildiyini tənqid etməyim hakimiyyəti dah çox qıcıqlandırıb. 2003-cü və 2005-ci illərdə belə olub.

- Diplomat fəaliyyəti çərçivəsindən çıxmanız barədə fikirlərlə razısınız?

- Yox, insan hüquqlarından, təhlükəsizlikdən, hətta həyatdan söhbət gedəndə laqeyd qalmaq olmaz. Diplomatik etiket nədir? Bu, sizin ətrafdakılara münasibətinizdir. Elə eləmək olar ki, guya görmürsən və eşitmirsən. Bəs sonra necə yaşayarsan?

Mən Azərbaycan mətbuatında tez-tez çıxış edirdim və öz rəyimi bildirirdim. Bəzən sizin jurnalistlər mənim mətbuat üçün demədiklərimi də dərc edirdilər və bu, hakimiyyəti daha çox qıcıqlandırırdı. Düşünürəm ki, bəlkə də müəyyən şeyləri demək lazım deyildi, ancaq ümumilikdə, heç nəyə təəssüf etmirəm.

- Hakimiyyət sizdən razı olmadığını necə büruzə verirdi?

 - Heç kim mənə nəyisə birbaşa söyləmirdi. Öncə nazir Vilayət Quliyev idi,sonra Elmar Məmmədyarov. Onların ikisi də mənimlə mehriban danışırdılar. Sizin hakimiyyət ən çox mənim rəhbərliyimə şikayət edirdi. Xoşbəxtlikdən, mənim ölkəm üçün insan hüquqları böyük önəm daşıyır və Norveç XİN-də məni dəstəkləyirdilər, ancaq etiraf edim ki, hamı yox.

- Gəlin, siyasət mövzusundan bir az uzaqlaşaq. Sizin mərhum Elmar Hüseynovla yaxşı münasibətiniz vardı. Onu necə xatırlayırsınız?

- Bilirsiniz, "Monitor" jurnalının bütün nömrələri indiyədək məndə qalır. İndiyə qədər də vərəqləyirəm, yenə oxuyuram. Elmar çox istedadlı, cəsarətli və bacarıqlı insan idi. Hər həftə özüm köşkə gedib onun jurnalını alırdın. Ölümündən bir qədər əvvəl mənim qonağım olmuşdu. Başa düşürdü ki, onu ciddi təhlükə gözləyir, amma heç yerə getmək istəmədi.

- Onu getməyə razı salmadığınıza görə peşman deyilsiniz?

- Əlbəttə, peşmanam. Əgər razı salmaq mümkün olsaydı, indi sağ olardı və çox işlər görərdi. Ancaq bu, onun qərarı idi və hörmətə layiqdir. Ona getməyi təkcə mən təklif etmirdim, digər səfirliklər də təklif edirdilər, çünki hamı vəziyyəti hiss edirdi, başa düşürdü. Ancaq o, siyasi mühacir olub başqa ölkədə sosial müavinətə oturmaq istəmədi. Və onun ölümünün üstünün açılmaması da nədənsə xəbər verir... Martın 2-də mən Moskvada idim. Bakıdan Eynulla mənə telefon edərək bu dəhşətli xəbəri söylədi. Mən şok vəziyyətində idi. Təəssüf edirəm ki, onu son mənzilə yola sala bilmədim.

Yeri gəlmişkən, Eynulla Fətullayevin də işi hakimiyyətin Avropa dəyərlərinə və öz öhdəliklərinə münasibətini nümayiş etdirir. Avropa Şurasının hansısa digər üzvünün Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına məhəl qoymamasını təsəvvür etmək çətindir.

- Bu cür siyasi rejimləri necə qiymətləndirirsiniz?

- Avtoritar və ya diktator rejimlər zahiri fərqə baxmayaraq, bir çox hallarda bir-birinə bənzəyirlər. Həmin rejimlərin gücü böyük dərəcədə xüsusi xidmətin rolundan və gücündən, ümumilikdə, təzyiq aparatından ibarətdir. Azərbaycanda bu qüvvə mühümdür. Bu alət uğurla fəaliyyət göstərir, ancaq arada nasazlıq da yaranır. Ərəb dünyasında vəziyyətə baxın. Hətta Suriya, Liviya kimi ölkələrdə belə hakimiyyətlər xalq çıxışlarını yatıra bilmədi və yüzlərlə qurbana baxmayaraq, bunlar davam edir. Yarım il öncə heç kim bunu təsəvvür etməzdi. Bu, onu göstərir ki, cəmiyyətdə özünüdərk artdıqca repressiv aparatlar qarşısında qorxu əriyir, aparatın özü isə gücünü itirməyə başlayır.

Yadda saxlamaq lazımdır ki, insan hüquqları daxili problem deyil və beynəlxalq birlik onun pozulmasına göz yummayacaq, lakin vətəndaş cəmiyyətinin özü də fəal olmalıdır, siyasi mübarizə isə qurbansız olmur.

- Tez-tez eşitmək olar ki, avtoritar rejimlər öz iqtisadi və siyasi maraqları (neft amili də daxil olmaqla) olan Qərb ölkələrinin dəstəyi hesabına yaşayır. Bununla razısınız?

- Bəli, olur belə şeylər Məsələn, baxın, Belarusa. Bu ölkənin hakimiyyətinə Qərb ciddi təzyiq göstərir, prezident Lukaşenkonun özü də daxil olmaqla, sanksiya tətbiq edir. Ancaq əgər orada neft olsaydı, münasibət yəqin ki, başqa olardı. Azərbaycana qarşı belə münasibəti təsəvvür etmək çətindir. Eyni zamanda Azərbaycanda demokratiyanın inkişafına heç bir əngəl görmürəm.

- Bizə yenə gəlmək istərdiniz?

- Əlbəttə, mən Azərbaycandakı işimi, oradakı adamları tez-tez xatırlayıram..Ora mənim çox xoşuma gəlmişdi, xüsusilə gözəl təbiətin və sadə adamların olduğu bölgələr - Şamaxı, Şəki, Oğuz. Allah qismət etsə gələrik. Hələlik xanımım ilə Nepala gedirik. Məni xatırlayan hər kəsə salamlar.-02B-

17 may 2011-ci il

Oslo-Bakı.

Turan

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun