Şərqi Azərbaycan vilayətinin sabiq valisi və Təbrizin hazırkı millət vəkili Əhməd Əlirza Beyginin Təbrizdə “Türk Dil Qurumunun” təsisi tələbinə dair açıqlamaları ölkə daxili və xaricdə fəaliyyət göstərən farsdilli medianın gündəmindədir.
İSNA və Fars News kimi xəbər agentliklərinə istinadən, mühafizəkar siyasətçi Təbrizdə keçirilən Beynəlxalq Aşıqlar Qurultuyında “vədlərini yerinə yetirməyən” prezident Ruhanini tənqid edib.
“Cənab Ruhani Türk Dil Qurumunun təsisini bizə vəd etmişdi amma, bu yerinə yetirilmədi... Vilayətimizin millət vəkilləri bu qurumun təsisini əzm və israrla tələb edirlər,” millət vəkili bəyan edib.
Əlirza Beygi əlavə edib, “Türk Dil Qurumunun təsisindən qorxmasınlar. Belə bir qurum dilimizin həyatına davam etməsini zəmanət edəcəkdir.”
Beynəlxalq Aşıqlar Qurultayında danışan Əhməd Əlirza Beygi Aşıq musiqisinin “İran, Azərbaycan və Türkiyə arasında ortaq sənət dili” olduğunu vurğulayıb.
Prezident Həsən Ruhani həmçinin keçən həftə Qərbi Azərbaycan vilayətinə səfəri zamanı Urmiyə Gölünün Canlandırılması və Türk Dil Qurumunun təsisinə dair vədləri ilə əlaqədar yerli siyasətçilərin tənqid və etirazları ilə qarşılaşmışdı.
Yol Press internet portalının yazdığına görə, Urmiyə Şəhər Şurasının üzvü Murtaza Piri əhalinin hökümətdən məyus olduğunu ifadə edib.
Urmiyədə Həsən Ruhaninin iştirakı ilə keçirilən bir tədbirdə danışan Piri “Urmiyə Gölünün canlandırılması”, “türkcənin tədrisi” və Türk Dil Qurumunun təsisinə dair Azərbaycan əhalisinin tələblərinə diqqət yetirilməməsini tənqid edib.