“Twitter” ABŞ-da keçiriləcək aralıq seçkilərdə iştirak etməməyə çağıran 10 mindən çox şübhəli hesabı silib.
Azadlıq Radiosunun məlumatına görə, bu barədə Reuters agentliyi “Twitter” in nümayəndəsi Yan Plankett-ə (Ian Plunkett) istinadla xəbər verir.
Agentliyin məlumatına görə, bu sentyabr-oktyabr aylarında baş verib. Onların hamısı “Demokrat Partiyası” tərəfdarlarının hesabı kimi qələmə verilirmiş.
Noyabrın 6-da ABŞ Konqresinə seçkilər keçiriləcək.
“Tvitter” bildirir ki, bu səsvermə sosial şəbəkələrdə əvvəlki seçkidən daha yadda qalan olub.
İstifadəçilər oktyabrın 1-dən 10 milyondan çox yazı dərc ediblər.
“Facebook” və “Twitter” in baş menencerləri sentyabrın əvvəllərində ABŞ Senatının kəşfiyyat komitəsində, ABŞ demokratiyasına xarici hücumların qarşısını almaq üçün gördükləri tədbirlər barədə məlumat vermişdilər.
ABŞ ölkədə keçirilən seçkilərə müdaxilədə əsasən Rusiyanı günahlandırır. Moskva ittihamı rədd edir.
Hazırda ABŞ-da, Rusiyanın bu ölkədə keçirilən ötən prezident seçkisinə müdaxiləsi araşdırılır.