“Mənim oğlumu, bax, bu oğlanın üstündə öldürüblər. İçəridə deyirmiş ki, allahınız olsun, adi “zapçast” satandır. Deyiblər ki, onun erməni olduğunu de. Ya öləcəksən, ya deyəcəksən ki, ermənidir”,- Validə Əhmədova əlindəki fotonu göstərib danışır.
Tərtər rayon sakini Validə Əhmədova keçən ilin mayında oğlunun ölüm xəbərini alır. Ailə sonradan xəbər tutur ki, oğlu 28 yaşlı Elçin Quliyevin adı vətən xaini ittihamı ilə suçlananlar sırasındadır.
2017-ci ilin mayında bir qrup hərbi qulluqçu və mülki şəxs düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlıqda günahlandırılıb. Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bildirilirdi ki, hərbçilər müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər. Hadisə ilə əlaqədar Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi də başlanıb və ittiham edilən şəxslər həbs ediliblər.
Vahidə Əhmədova isə oğlunun həbs edilmədən işgəncələrlə öldürüldüyünü iddia edir.
Onun kimi digər valideynlər də məsələ araşdırılsın deyə Prezident Administrasiyasının qarşısına toplaşıblar.
Artıq iki aydır ki, günahlandırılanlardan 8-nin ölüm işi üzrə açılmış cinayət işinə Hərbi Məhkəmədə baxılır. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Elçin Quliyevin ölümünə səbəb bədənin çoxsaylı küt travması, hər iki böyrəyə qan sızma, ağciyər və beyin ödemi ilə kəskinləşmiş tənəffüs-ürək çatışmazlığı olub.
“Bu, o deməkdir ki, onu o qədər döyüblər ki, bədən gömgöy tuluq olub. Qan qalmayıb da, zəhərlənmə verib. Oradakı tək uşaq mənim oğlum deyil, başqaları da tanınmaz vəziyyətdəymiş”.
Öldürüldüyü iddia edilənlərdən biri də iki uşaq atası, müddətdən artıq xidmət edən Mehman Hüseynov olub.
“O utanır. Cavan gəlindir, demək istəmir”, Validə Əhmədova Mehman Hüseynovun həyat yoldaşı Yeganə Hüseynovanı göstərib danışır – “Mehmana deyiblər ki, “sənin ailəni lüt şəkildə gətirib kişilərin içinə salacağıq”. Mehman Hüseynov ondan sonra uşaqların üzünə durub”.
“Mayın 1-i gecə aparıb, mayın 8-də meyitini gətirdilər. Qəbiristanlığın kənarında dəfn elədilər. Dedilər ki, vətən xainidir. Gəldilər evimizi də yoxladılar, heç nə tapmadılar. Amma öldürdülər, meyitini göndərdilər”, - Yeganə Hüseynova ağlaya-ağlaya mərhum həyat yoldaşından danışır.
Hadisələrdən bir il keçəndən sonra isə Mehman Hüseynovu polislərin, icra nümayəndələrinin müşayiəti ilə bu dəfə qəbiristanlıqda dəfn ediblər.
“Vətənə xəyanət” və başqa ittihamlarla həbs olunanlara gəldikdə, onların məhkəməsi artıq başa çatıb. Gəncə Apelyasiya Məhkəməsi Tərtər Hərbi Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Hərbçilərə ən az 7 il, ən çox isə 20 il iş kəsilib.
“Ülvi mənim oğlumun boynuna 22 maddə qoyub. Oğlum deyir: “Yalvardım Ülviyə ki, mən də qazaxlıyam. Qazaxdan satqın çıxmayıb. Allaha and olsun ki, bu işdən xəbərim yoxdur. Mənə dedi ki, göstər Allahı, haradadır Allah? Allaha şəbədə qoşdu”. Ona görə bunların işi alt-üst oldu. O generallar da, Ülvi də tutulacaq. Ortaya çıxdı ki, bu iş qurmadır, oyundur. Bu “20 Yanvar”ın, “Xocalı”nın davamıdır. Qoy bunu prezident də, Mehriban da, DTX da bilsin”, - ittiham olunanlardan birinin atası Kamal Qasımov deyir.
Hazırda 15 il müddətinə azadlıqdan məhrum edilən Orxan Babayevin atası danışır ki, həbsindən öncə iki ay oğlundan xəbər ala bilməyib, daha sonra məzuniyyət üçün icazə alıb onu evə gətirib:
“Onu gətirib müalicə etdim, yenidən yola saldım. Getdi, iki ay da qulluq etdi, yenə tutuldu. Bədəni pis gündə idi. Necə deyim? Elə bir hərəkətlər etmişdilər ki…. Onun kişiliyini də korlamışdılar”.
19 yaşlı, 3 ayın əsgəri olan Turan İbrahimli də 9 il müddətinə həbs olunub.
“Mənə dedilər ki, uşaq özü hər şeyi yazıb, qol çəkib. Bunlara sual verdim ki, bizim uşaq yazıb-oxuya bilmir. Necə oldu ki, yazdı, qol çəkdi? Dedilər, get ver ekspertizaya, araşdırsın. Xainlik edibsə, həqiqətən bunun sübütları olmalıdır. Əməliyyat çəkilişləri olmalı idi. 3-5 nəfər, 2 metr boylarında, 90 kiloqram çəkidə olan adamlar şahid kimi bu uşağın üzünə durur. Bu isə cansız-cəsədsiz bir uşaqdır”, - qardaşı Tural İbrahimli deyir.
Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyir ki, iş məhkəmədə olduğundan heç bir məlumat verə bilməyəcək. Valideynlər iddia etdikləri işgəncələrin nə üçün baş verdiyini hələ də bilmirlər. Elə suallarına cavab tapmaq üçün Prezident Administrasiyasına üz tutsalar da, onları kimsə qəbul etməyib. Ötən dəfəki müraciətlərinə 1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərovun müavinləri baxıb, işi araşdırılacaqlarını deyib.
[embed]https://www.youtube.com/watch?v=4aY29aA9qXk[/embed]