Bir neçə ay öncə Rasim Qaracanın “Zülmətdə bir alatoran” kitabının təqdimatı olmuşdu. Qələminə və şəxsinə olan hörmət bu görüşə getmək daxili ehtiyacdan yaranmışdı. Xarakterindəki aristokratlığı ilə həmahəng olan özünəməxsus kubar bir ortam gördüm. Rəsmi tədbirin başlanması, tanınmaq dərəcəsinə görə ardıcıllıqla söz verilməsi kimi ənənəni görə bilməzdiniz. Söz demək istəyən öz təşəbbüsü ilə söz alıb kitab haqqında sözün deyirdi.
İnsanları gərginlikdən uzaqda saxlayacaq bir fərqli bir stol da var idi. Şokalad və şərabın birgə yoldaşlığı məclisdə iştirakçıların özgürlüyünə fərqli dad qatırdı. Təkcə düşünmək və danışmaq yox, əylənərək düşünmək fürsəti məclis iştirakçılarını məmnun etdiyi də sezilir.
Kitabı alıb oxuyandan sonra onu qurtarmağı yox, qurtarmamağı arzu edirəm. Şirin yuxu kimi uzanmasın istəyirdim. Hər bir mövzunun məzmunu onun təsvir edilən həcmindən çox böyük idi. Kitabı təkcə oxuyandan sonra yox, oxu prosesinin özündən gerçəkdən böyük zəvq aldım. Avtobioqrafik roman olan bu kitabı oxuduqca müəllifin ədəbi mübarizə yolunu addım-addım təqib edə bilirsən.
Əvvəl, AYO ədəbi çətəri altında təşkilatlanaraq həmkarları ilə, sonra isə təkbaşına ədəbi mübarizəsində nə qədər inamlı olması kitabda altını qırmızı xətlə çəkdiyimiz məqamlardan sayıla bilər. Rasimin ədəbi camiədəki savaş səhnələri və mübarizə ovqatı əsərdə açıq formada bütün çılpaqlığı ilə duyulur. Praqmatik dünyada sentimentalizmin öləzidiyi bir vaxtda vicdan oyatmaq asan iş deyil. Kitabda ədəbi hadisələrin vicdan sızladan təkcə problematikası deyil, həm də onların diaqnozu və çıxış yollarının da verməsini istərdim.
Ötən əsrin 70-80-ci illərin Bakısını “üzü soyuq, sevimsiz və yad” kimi xarakteriza edən müəllif rus dilini ana dilindən üstün səviyyədə olmasının narahatlığını dilə gətirir. Ali təhsilli bir jurnalist gəncin Maşınqayırma zavodunda fəhləlikdən başlayan iztirabları təkcə maddi imkansızlıqla bağlı deyildi. Bu cür başlanğıcın özü bir yana, o dövrün başkəndində mənəvi vaakumu da görsədən səhnələrdə qeyd olunur. Ədəbi camiədə bakılı-rayonlu qruplaşmasının arasında qalmaq kimi dərdi yaşamaq da çətin. Traybalizmi qamçılamalı olan ədəbiyyatın özü həmin “dəyərləri” həfif qarşıdurmanın əsas prinsipi kimi istifadə edirmiş. Həmin illərin ədəbi havasını çox yerdən oxumuş və eşitmişdik. Rasim Qaracanın həmin illərə işıq tutması gənc nəslin gözün bir az da açdı. Bu qovğalar içərisində “qalıcı olmaq, iz buraxmaq, ədəbiyyat tarixinə möhüm vurmaq” kimi bir iddia ilə gənc ədiblərin necə yürüyə biləcəyinin də bizdə aydın təsəvvürün yarada bildi.
Jurnalistlərdən dövlətdən ev alması üçün yarışın getdiyi bir ölkədə yaşayırıq. Sovet dövrü şair və yazıçılarında Yazıçılar İttifaqından ev alması kimi “əridiyi” dövrlər olub. Ev almaq ümidilə yazıçı-şairlərə sistemi tərənnüm edən mövzular yazdırırsan. 30-40 il sistemə vint edəndən sonra da deyirsən ki, məsələn, ev növbəniz alınmadı. Və ya bir ömrün həmin evi almağa yetmir. Bəs bir igidin ömrü və gördükləri “tərənnüm edən əsərlərin” zəhməti hara getdi? Rasim Qaraca çox ustalıqla bu itirilmiş illəri və şəxsiyyət defisitini necə aradan qaldırmaq reseptini düşünüb tapıb.
Bütün bunların yazıçını ələbaxım etdiyini dərk etdiyini və bu yoldan imtina etməyin fərqli yolunu görsətdi. Öz əməli və nümunəsi ilə. Sistemin transformasiyası dövründə Rusiyada bir türk firmasında tərcüməçiliklə qazandığı pulla özünə ev alıb, sonra ədəbiyyat adında bir birliyə - Azad Yazar Ocağına rahatca bir ev tikmək kimi fəhləliyə başlayır. Özünün iqtisadi müstəqilliyinin yaradılmasına yaradıcı ömründən düz 8 ili kəsib qurban verdi. Rasim bəy, başa düşürdü ki, azad insanı dilə qısa etmək çətindir. Dili uzun olmağın yolu isə azad olmaqdan keçir. Dünyadakı böyük şeylərdən danışan insanın gözü dövlətin cibindədirsə, onda səni icazə verilən həddə qədər “qəhrəmanlıq səlnamələri” yarada bilərsən, atam balası...
Bu kitabda Sovet adamının firəvan və mutlu obrazını yaradan ədəbiyyat insanlarının da mesajlar var. Şüurlu bir ömrü betondan konstruksiya edilmiş “xruşovka” evi alması üçün xərcləyirmişlər. Sonra da dünyada belə bir sistemin daha çox genişlənməsini tərənnüm edən əsərlər yazırmışlar. Nəsilləri aldatdıqlarına görə, tarixin onlara böyük lənət borcları da var, onu da unutmasınlar.
Əsəri oxuduqca AYO daxilində gedən prosesləri də dərk etmək olur. Ona görə gəldiyim qənaəti bölüşməyi də çox vacib bildim. AYO-nın bəxti gerçəkdən bir şeydə gətirmişdi. Çoxsaylı tarixi təcrübələrdə daxil olmaqla bizim ölkəni də həmin təcrübəyə qatsaq, bir həqiqəti inkar edə bilmirik. İctimai strukturlara rəhbərlik edənlər, ilk olaraq təslimçilik (kapitulyasiya) aktına imza atır, sonra üzvlərini onunla barışdırmağa sövq edirlər. Rəhbərini itirmiş yaxın çevrə bundan ibrət dərsi alır və ya məyus olub yoldan çəkilir. Beləliklə, vətəndaş cəmiyyətinin komponentləri (media qurum və quruluşları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, həmkarlat ittifaqları) təsisatlar dağıdılır. AYO-da isə əksi prosesi gördük. Ədəbi hərəkatın rəhbəri dimdik və ayaqda, üzvlərin isə əksəriyyəti isə hansısa yolla ocağı söndürməsində əllərinə su dolu qab alıb onu söndürməyə başladılar. Ona odun atıb alovlandıranlar da qalıb. Onlardan biri yaxından tanıdığım Azad Yaşara da sayğılarımı ifadə edirəm. İstedadlı, alicənab və dürüst xarakterli bir yazardır.
Bu kitab vasitəsilə AYO ətrafında aparılmış nəzarətəgötürmə əməliyyatı həlqənin nə qədər daraldığını görə bilirik. Ayrı-ayrı epizodlar üzrə bir oxucu kimi Azad Yaşarı, Həmid Herisçini, Murad Köhnəqalanı, Salam Sarvanı, Siyaməkini, mərhum Rafiq Tağını tanıdıq. Asif Atanın ziyalı şöləsinin gəncləri, o cümlədən Rasim Qaracanın yaradıcı yoluna necə işıq saldığını buradan öyrəndik.
Kitabı oxuduqca müəllifi niyə daha illər uzunu daha yaxından tanımadığına görə, insan təəsüflənir. Niyə onu başa düşə bilən və çətinliklərinə çiyin verən bir neçə dostundan başqa, ədəbi nəslin gənc nümayəndələrinin onun ətrafında sıx birləşmədiyini görəndə isə bir oxucu kimi üzülürsın. Amma digər tərəfdən isə Rasim Qaracanın gedəcəyi uzaq yolu təkbaşına da olsa getməkdə israrlı olduğunu hiss edəndə isə sevinirsən. Tanrı ona bu yolda iradə və güc versin!