“Müsavat Partiyası Gənclər Təşkilatının həbsdəki sədri Əbülfəz Sadıqbəylinin ailəsi ilə ilə əlaqə saxlamasına imkan verilmir.”
Bunu Azadlıq Radiosuna müsavatçının qardaşı Vasif Sadıqbəyli deyib.
Onun sözlərinə görə, qardaşına münasibətdə saxlanılan şəxslərin qanunvericilikdə təsbit edilən hüquqları təmin olunmur.
“Onun həbs edilməsindən 1 aya yaxın vaxt keçib. Əbülfəzə hər həftə ailəsi ilə telefonla danışıq imkanı yaradılmalı idi. Ailə üzvləri, qanunvericiliyin imkan verdiyi digər şəxslərlə görüşməsinə də həmçinin. Ancaq noyabrın 21-dən bunların heç biri təmin olunmayıb”, deyən qardaşının sözlərinə görə, Ə.Sadıqbəylinin işi üzrə istintaq da başa çatıb.
O, qardaşının hüquqlarının təmin olunmasından ötrü gərəkli hüquqi addımların atılacağını qeyd edib.
V.Sadqıbəyli həmçinin deyib ki, dekabrın 17-də qardaşının məhkəməsi olmalıdır. Həmin tarixdə Bakı Apellyasiya Məhkəməsində Ə.Sadıqbəylinin ev dustaqlığına buraxılması işi ilə bağlı şikayətə baxılmalıdır.
Bundan əvvəl Səbail Rayon Məhkəməsi Ə.Sadıqbəyli barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı müraciəti təmin etməmişdi.
Ailəsinin Əbülfəz Sadıqbəylinin həbsdə hüquqlarının pozulması ilə bağlı dediklərinə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Amma bu qurumdan buna qədər oxşar şikayətləri yalanlayıblar.
Qurumun bildirildiyinə görə, cəzaçəkmə müəssisələri və təcridxanalarda saxlanan şəxslərlə qanun çərçivəsində davranılır.