Avropa Məhkəməsi 2012-ci ildə Bakıda keçiriləcək "Eurovision" mahnı müsabiqəsindən əvvəl həbs edilən və 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Nəriman Abbasoğlunun şikayətini araşdırmağa başlayıb.
Bu barədə vəkil Fariz Namazlı məlumat yayıb.
Hazırda Qobustan Həbsxanasında cəza çəkən N.Abbasoğlu Vüqar Padarovun MTN əməliyyatçıları tərəfindən əməliyyat zamanı öldürülməsindən sonra həbs edilmiş 29 nəfərdən biridir.
O, prezidentə sui-qəsdə cəhdə hazırlıqda, Milli Təhlükəsizlik Nazirliyinin polkovnikini öldürməkdə və digər ağır cinayətlərdə ittiham olunan 29 nəfərlik dəstənin üzvü kimi məhkəmə qarşısına çıxarılsa da, faktiki, onun digər 28 nəfərə aidiyyətinin olmadığı məhkəmədə də təsdiqlənib.
Lakin cinayət işinin MTN-də istintaq olunmasını nəzərə alan hakimlər N.Abbasoğlunu 10 il müddətinə azadlıqdan məhrum ediblər.
N.Abbasoğlunun həbsində müstəsna rolu olan, artıq buraxılmış MTN-in Antiterror Mərkəzinin rəisi Elçin Quliyev də vəzifə səlahiyyətlərini aşma və digər ittihamlarla həbsdədir.
Məhkəmə Konvensiyanın 6.1-ci maddəsi üzrə prosesin ədalətli keçirilib-keçirilməməsi, onun evində aparılan axtarışın yerli qanunvericiliyə uyğun olub-olmaması barədə suallar göndərib, o həmçinin axtarışın video görüntülərini də istəyib.