“Müdafiə tərəfi yaxın günlərdə cinayət işi ilə tanış olacaq”
AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli, partiyanın Nərimanov şöbəsinin sədri, Qarabağ döyüşçüsü Babək Həsənov, Sahib Rüstəmlinin və onlarla birgə təqsirləndirilən digər şəxslərin istintaqı yekunlaşıb.
AXCP üzvlərinə qarşı yeni məzmunlu ittiham irəli sürülüb.
Bu barədə Meydan TV-yə Respublika Prokurorluğunun adının çəkilməsini istəməyən müstəntiqi məlumat verib.
Bildirilib ki, cəbhəçilər özlərini bu ittiham üzrə də təqsirli bilməyiblər.
Onlar və müdafiəçiləri yaxın günlərdə cinayət işi ilə tanış olacaqlar. Hələlik müdafiə tərəfi onlarda belə bir məlumatın olmadığını deyir.
A.Məhərrəmli, R.Nəsirli və B.Həsənov mayın 25-də həbs olunub. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə açıqlama yayaraq, AXCP funksionerlərini onlardan təxminən iki gün öncə həbs olunmuş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli ilə birlikdə çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham edib.
Məlumata görə, sabiq icra başçısının həbs müddəti də marta qədər artırılıb.
S.Rüstəmli narkotik ittihamıyla həbs edilmişdi. Daha sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də həbs edildi. Cəbhəçilər də saxlandıqdan sonra hüquq-mühafizə orqanları iddia etdi ki, S.Rüstəmli Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İddialarda söhbət 412 min dollardan gedir.
Lakin S.Rüstəmli də, cəbhəçilər də ittihamı rədd edir.
AXCP sədri Əli Kərimli də cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti repressiya dalğası olduğunu bildirib.