Bir müddət öncə bloklanması haqqında məhkəmə qərarı çıxarılan “Basta” xəbər portalına qarşı təzyiqlər heç şübhəsiz onun prinsipial mövqeyi və artan nüfuzu ilə bağlıdır.
Bu sözləri Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli “Basta” saytının baş redaktoru, Müsavatın Mətbuat Departamentinin rəhbəri Müstafa Hacıbəyliyə açılan qondarma cinayət işinə münasibət bildirərkən deyib.
Son vaxtlar hakimiyyətin bütün cəbhə boyu repressiya siyasətinin şiddətləndiyi müşahidə olunur. Bu fəal gənclərə, müstəqil media orqanlarına, partiyalara və hüquq müdafiəçilərinə qarşı aparılan siyasətdə özünü xüsusilə göstərir. İndi isə Müsavat partiyası hədəf alınıb. Bir neçə gün öncə partiyanın gənclər təşkilatının sədri Əbülfəz Sadıqbəylinin qondarma ittihamla həbsinin ardınca, Müsavat Mətbuat Departamentinin rəhbəri, “bastainfo” saytının baş redaktoru Mustafa Hajibeyliyә qarşı Cinayət Məcəlləsinin üç maddəsi üzrə cinayət işi açılıb. Haqqında polis nəzarətinə götürmə qətimkan tədbiri seçilib.”, -Samir Əsədli bildirib.
“Bir müddət öncə bloklanması haqqında məhkəmə qərarı çıxarılan “Basta” xəbər portalına qarşı təzyiqlər heç şübhəsiz onun prinsipial mövqeyi və artan nüfuzu ilə bağlıdır. Bütün baş verənlər onu göstərir ki, Azərbaycan hökuməti beynəlxalq ictimaiyyətin və təşkilatların tələblərinə, üzərinə götürdüyü fundamental insan haqları sahəsindəki öhdəlilkərinə, bütünlüklə müxalif düşüncəyə, indiki halda Müsavat Partiyasına qarşı repressiyaları gücləndirməkdə davam edir. Bununla ölkədəki iqtisadi və sosial gərginliyi, xalqın artan narazılığını həbslər vasitəsilə susdurmağa çalışırlar. Rəsmi Bakının demokratiya uğrunda mübarizə aparan insanların mübarizə əzmini qırmaq cəhdi önə çəkilir. Amma iqtidarın bu səyləri nəticə verməyəcək.”, -Samir Əsədli əlavə edib.