“Vergi Məcəlləsinə əlavə dəyişikliklərdə başlıca hədəf kölgə iqtisadiyyatının həcminin azaldılması, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsidir”.
AZƏRTAC-ın məlumatına görə, Vergilər Nazirliyi Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva dekabrın 3-də qanunvericiliyə dəyişikliklərlə bağlı brifinqdə belə deyib.
Onun sözlərinə görə, Vergi Məcəlləsinə dəyişiklikləri 5 əsas istiqamət üzrə təsnifləndirmək olar:
“Bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və kölgə iqtisadiyyatının miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni veriləcək vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətləridir”.
Samirə Musayeva deyib ki, kölgə iqtisadiyyatının miqyasının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması üçün məcəlləyə edilən dəyişikliklər əsasən özəl sektorda çalışan işçilərin əmək haqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, malların sənədsiz dövriyyəsinə, xərclərin rəsmiləşdirilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi, bir sıra sahələrdə vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır.
Departament rəhbəri qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşların əmək haqlarından tutulan vergilər üzrə güzəştləri qanunvericiliyə edilmiş ən mühüm dəyişikliklər kimi dəyərləndirib.
Dəyişikliyə əsasən aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib.
Maaşı 8000 manatdan yuxarı olanlar isə 8000 manatdan çox olan məbləğin 14% həcmində gəlir vergisinə cəlb olunur. Samirə Musayevanın sözlərinə görə, bu da dövlətin sözügedən məsələdə çox böyük fiskal güzəştə getməsi deməkdir.
Milli Məclis bugünlərdə Vergi Məcəlləsinə dəyişiklik və əlavələri təsdiqləyib.
Bu dəyişiklik və əlavələrin 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur.