"Əgər qızıl medal almaq orta məktəbdə şagirdin biliyə həvəsini stimullaşdıracaqsa, ədalətli və gerçəyə uyğun olacaqsa, buna pis baxmıram".
Deputat Fazil Mustafa "Ümumi təhsil haqqında" qanun layihəsində nəzərdə tutulan dəyişiklik haqda danışarkən belə deyir.
Qanun layihəsinə görə, orta məktəbi qızıl medalla bitirən şagird ali məktəbə bir fəndən imtahan verməklə qəbul oluna bilər.
Amma deputat burada bir təhlükə gördüyünü də inkar etmir: "Təhlükə bundan ibarətdir ki, medalı qazanıb haqq edən kənarda qala, medal isə başqasına verilə bilər. Bundan da pisi bu medalın qeyr-rəsmi qiyməti müəyyən olunaraq alver mənbəyinə dönə bilmək ehtimalıdır".
Bunu da oxu: Məktəbi qızıl medalla bitirənlər qəbul imtahanından azad olunacaq
F.Mustafanın fikrincə, qızıl medal alver mənbəyinə dönərsə, bu, məktəblərdə amoral mühitin yaranmasına səbəb olar.
Deputat bunun baş verməməsi üçün çıxış yolunu ali məktəblərə qəbulun, test imtahanının dairəsinin genişləndirilməsində görür:
"Yəni, ali məktəblərə qəbul kütləvi olsun, biliyindən asılı olaraq universiteti bitirmək tələbənin öz problemi olsun".
"Ümum təhsil haqqında" qanun layihəsi hazırlanıb. Layihə yaxın zamanlarda parlamentin müzakirəsinə çıxarılmalıdır.