Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu silah satışı üzrə illik hesabatını açıqlayıb.
Hesabatda bildirilir ki, 2017-ci ildə dünyada 398,2 milyard dollarlıq silah satılıb.
Ən çox silah satan ölkə ABŞ-dır. Satılan silahların 57 faizi (226,6 milyard dolları) ABŞ-a məxsusdur.
İkinci yerdə Rusiya gəlir. 2017-ci ildə dünyada satılan silahların 9,5 faizi (37,7 milyard dollar) Rusiya istehsalıdır.
Üçüncü yeri 9 faizlə (35,7 milyard dollar) Böyük Britaniya tutur.
2002-ci ildən bəri Rusiya ilk dəfədir silah satışında Britaniyanı üstələyir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatlarında son 16 ildə Böyük Britaniya həmişə silah satışında ikinci yeri tutub. Birinci yerin sahibi isə daima ABŞ olub.
İnstitutun hesabatında deyilir ki, 2017-də dünyada silah satışı 2016-cı illə müqayisədə 2,5 faiz, 2002-ci illə müqaysədə 44 faiz artıb.
Stokholm institutu hərbi sənaye üzrə məlumat bazasını 1989-cu ildə yaradıb. Bazada ölkələrin həm daxili, həm də xarici bazarlarda satdığı silahlar hesablanır.
Rusiya statistikaya 2002-ci ildən daxil edilib. Çin bu bazanın məlumatlarında əks olunmur. Tədqiqatçılar rəsmi məlumatları “etibarsız” hesab edirlər.