Dekabrın 8-də Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı 1723 nəfər saxlanıb. Bu barədə “Frans-Press” agentliyi məlumat verir.
Məlumata görə, ən çox saxlanan paytaxt Parisdə olub, 1200 nəfərin saxlandığı bildirilir.
Daxili işlər naziri Kristof Kastanerin sözlərinə görə, bir çox saxlananlardan beysbol dəyənəkləri, digər vasitələr və hətta silahlar götürülüb.
Ümumilikdə ölkə boyu keçirilən aksiyalarda 125 min adam iştirak edib.
Şənbə günü Parisdə keçirilən aksiya zamanı ictimai asaişi qorumaq üçün şəhərin küçələrinə 8 minədək polis çıxarılıb.
Ölkə boyu asaişin qorunmasına 89 min polis əməkdaşı cəlb edilib.
“Sarı jiletli”aksiyaçılar artıq bir neçə həftədir ki, dizel yanacağına verginin artırılmasına etiraz olaraq kütləvi aksiyalar keçirirlər.
Hökumət sonda bu addımdan çəkinsə də ölkə boyu nümayişlər davam edir.
Onlar ümumilikdə prezident Emmanuel Macronun iqtisadi siyasətinə qarşı çıxır, vergilərin azaldılması və maaşların qaldırılması da daxil olmaqla indi yeni tələblər irəli sürürlər.
Ötən həftə Parisdə keçirilən aksiya zamanı mağazalar qarət edilmiş, omlarla avtomobil yandırılmışdı.
Hakimiyyət xəbərdarlıq edib ki, radikal sağçı və solçu qüvvələr etirazları başqa səmtə yönəltməyə cəhd göstərirlər.