Rusiyanın son münaqişələrdəki fitnəkar rolunu dünyaya necə anladır?
Moskvanın Vnukovo hava limanında təyyarənin Bakıya uçması rəsmi şəxslərin ləngiməsi səbəbindən 2-3 saat təxirə salınmışdı. Küçəyə çıxmaq mümkün deyildi, çünki dekabr şaxtası adamın iliyinə işləyirdi. Yaxşısı aeroportun kafesində çaydan-kofedən isti bir şey içib qızınmaq idi. Mənim soyuqdan büzüşdüyümü görən dövlət müşaviri, rəhmətlik Vəfa Quluzadə ikinci mərtəbəyə qalxıb çay içməyi təklif etdi.
Təzəcə əyləşmişdik ki, Rusiyanın Azərbaycanda o vaxtkı səfiri Valter Şoniya da kafeyə daxil oldu və birbaşa Vəfa müəllimə tərəf gəldi. Çox səmimi görüşdülər, yüngülvari zarafatlaşdılar, bu soyuqda çaydan daha münasib qızdırıcı mayelər içməyin vacibliyi barədə “qarşılıqlı maraq doğuran” fikir mübadiləsi apardılar. Sonra rus səfirinin bəndənizə əyri-əyri baxdığını görən Vəfa müəllim məni çox təmtəraqlı şəkildə ona təqdim etdi. Səfirin heç tükü də tərpənmədi, soyuq bir təbəssümlə:“Gözəl tanıyıram, yaxşı jurnalistliyinə sözüm yoxdur, amma anti-Rusiya əhvallıdır, Qarabağ problemindən danışan kimi hər dəfə Rusiyanı atır ortaya, yeri gəldi-gəlmədi bizi günahlandırır”,- dedi. Onun bir az incik görkəm almasına baxmayaraq Vəfa müəllim bu sözlərə şaqqanaq çəkib ucadan güldü. Sonra da guya zarafat edirmiş kimi “bəyəm yalan deyir” cümləsi ilə ona cavab verdi. V.Şoniya da candərdi irişdi və bu il Moskvada şaxtaların çox güclü olmasından söz salıb mövzunu dəyişdi.
Vəfa Quluzadə sonralar da Rusiyanın Qarabağ münaqişəsindəki mənfi rolundan tez-tez və sərt danışırdı, Moskvanın bu münaqişə vasitəsilə Azərbaycan və Ermənistan üzərində təsirini saxlamağa çalışması barədə bəyanatlar verirdi. Bəziləri bu bəyanatın təkcə məzmunundan yox, tonundan da qorxurdu. Bəzən qeyri-diplomatik və çılpaq ifadələr də işlədirdi. Vəfa müəllim çəkinmədən gizlədiləsi mümkün olmayan həqiqət barədə car çəkirdi. Fəqət, onun vəfatından sonra mediada belə fikirlərə rast gəlmək olmur. İndi televiziya ekranında gördüyümüz təzə “politoloqlar” da tamam başqa bayatı çağırır, təkcə gerçəyi ört-basdır eləmir, həm də yeni söz tutan dilləri ilə riyakarcasına işğalçı Rusiyanın sülhpərvər obrazını yaratmağa çalışırlar…
* * *
Nə yaxşı ki, bu günlərdə Almaniya kansleri Angela Merkel hələ də imperiya iddiaları ilə yaşayan Rusiyanın maskasını cırdı, onun diplomatik yalanlar arxasında gizlətməyə çalışdığı əsl sifətini bir daha dünyaya nümayiş etdirdi, son dövrdəki münaqişələrdə Kremlin fitnəkar rolunu qabartdı. Xanım Merkelin etirazına səbəb Rusiyanın son günlərdə Ukraynaya qarşı apardığı təcavüz siyasəti, hərbi güc nümayişi, zorakılıq göstərməsi idi.
Özünü MDB-nin jandarmı kimi aparan Moskvanın bu zorakı hərəkətləri Qərbin bütün dairələrində ciddi etirazla qarşılanıb. Rusiya dəniz donanmasının Kerç boğazında Ukrayna gəmilərinə hücum çəkməsi, atəş açıb matrosları yaralaması və əsir götürdüyü zabitləri mühakimə etməsinə Avropanın böyük dövlətlərindən təpkilər gəlib. Fransa, Niderland, Polşa, İsveç və Böyük Britaniyanın Ukrayna gəmilərini sərbəst buraxmaq və onların Kerç boğazından keçmələrinə icazə verməsi ilə bağlı birgə müraciətlərinə Rusiyanın məhəl qoymaması pislənilib. Hazırda Rusiyaya qarşı yeni və təsirli sanksiyaların tətbiq olunması nəzərdən keçirilir. ABŞ prezidenti bu insidenti yaratmış Rusiya rəhbəri V.Putinlə 20-lərin Argentina paytaxtında başlanan sammiti çərçivəsində planlaşdırılan görüşünü ləğv edib.
Azərbaycanın dərdləri və maraqları baxımından Almaniya kansleri A.Merkelin mövqeyi daha diqqətəlayiqdir. Moskvaya qarşı sanksiyaları dəstəkləyən frau Merkel yerli radioda Rusiya-Ukrayna münaqişəsindən danışarkən maraqlı bir məqama toxunub. Qeyd edib ki, başında imperiya havası qalmış “Rusiya Moldovada, Gürcüstanda münaqişələr yaradıb. Daha əvvəl isə Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinə start verib. İndi eyni ssenari Ukraynada da təkrarlanır”… Hər şey çox dəqiq deyilib, necə deyərlər xüsusi şərhə ehtiyac yoxdur. Heç informasiya savaşında tez-tez uduzan Azərbaycan tərəfinin bu bəyanatdan necə yararlana biləcəyinə də toxunmuram. Sadəcə əlavə edim ki, bu bəyanatdan bir az əvvəl Almaniya-Ukrayna iqtisadi forumundakı çıxışında Merkel bildirib ki, Rusiyanın qonşuluğundakı münaqişələr həmin ölkələrin istədikləri kimi inkişaf etmələrinə əngəl törədir. Xüsusi vurğulayıb ki, “biz buna göz yuma bilmərik”.
* * *
[caption id="attachment_24441" align="aligncenter" width="1299"] Qulu Məhərrəmli[/caption]Frau Merkelin çıxışını qabartmamaq da olardı. Amma Rusiyanın son 2-3 ildə Cənubi Qafqazda daha ciddi şəkildə möhkəmlənməsi, 10-15 il əvvələ nisbətən indi fərqli geosiyasi şəraitin yaranması, Moskvanın özünü buralarda sahibi-məkan kimi aparması, hərbi-siyasi proseslərə onun təsirirnin artması, hətta Gürcüstandakı son seçkilərə də müəyyən təsirirnin olması pis əlamətlərdir.
Mən hələ Azərbaycanda bəzi sahələrdə Rusiya təsirinin aşkar görünməsini, şimala boylananların və milli müstəqilliyin əleyhinə olanların sayca artmasını, onların səslərinin daha bərk çıxmasını, rusdilli məktəblərin çoxalmasını, Moskvanın 5-ci kolonunun çox inamlı görünməsini demirəm. Bunların hamısı birlikdə adamın ağlına cürbəcür qara fikirlər gətirir.
Düzdür, Azərbaycan-Rusiya münasibətlərində zahirən hər şey yerli-yerində görünür, gərginlik nəzərə çarpmır, sakitlikdir. Amma adam hərdən bu sakitliyin bağrında hansısa gizli, dağıdıcı və qorxulu bir dalğanın hənirtisini duyur. Rusiya tərəfdən verilən bəyanatların yumşaq və aldadıcı ruhu heç kimi aldatmasın. Tarix təkrarlana bilər: 1920-ci ildə də işğalçı XI Qırmızı Ordu şimal sərhədlərimizin bir addımlığına toplaşıb döyüş mövqeyi tutanda XKS sədri V.İ.Lenin öz silahdaşlarına göndərdiyi teleqramda hərbi hazırlıqları sürətləndirmək, amma Azərbaycanla daha çox yumşaq diplomatik dildə danışaraq manevr etmək göstərişi vermişdi.
Bu gün Rusiyaya, onun imperiya siyasətinə sonralar “Almaniyanın agenti” çıxarılmış Lenin ruhunun hakim kəsilməsini frau Merkel də gözəl bilir. Bildiyi üçün açıq danışır, həyəcan təbili çalır. Rusiyanın tarixən fitnəkar olması barədə onun dedikləri isə artıq bir aeroport kafesində səsləndirilən söhbət deyil, bütün dünyanın eşidə bildiyi həqiqətdir…