Gəncə hadisələri ilə bağlı daha bir jurnalist prokurorluğa çağırılıb

Gəncə hadisələri ilə bağlı daha bir jurnalist prokurorluğa çağırılıb
6 Dekabr 2018
Mətni dəyiş

Criminal.az saytının baş redaktoru Anar Məmmədov Bakı Şəhər Prokurorluğuna çağrılıb. Jurnalist sabah, dekabrın 6-da Gəncə hadisələri zamanı bir neçə mediaya qarşı açılmış cinayət işi üzrə prokurorluqda olmalıdır.

Bu haqda Azadlıq Radiosuna jurnalistin özü bildirib.

Anar Məmmədovdan prokurorluğa gəlməsi istənilib, lakin çağırışın detalları haqda məlumat verilməyib.

Baş Prokurorluq Gəncə hadisələri zamanı Anar Məmmədovun baş redaktoru olduğu criminal.az saytı barəsində cinayət işi açıldığını bildirmişdi.

Noyabrın 30-da Anar Məmmədova yeni ittihamlar irəli sürülüb. İttihamların ağırlaşdırıldığı bildirilib.

Hazırda Anar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət təqibi aparılır. Prokurorluq jurnalist barəsində polis nəzarətinə vermə tədbiri seçib.

Xatırlatma

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Onda Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü ( vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı. Bu zaman bəzi media qurumları çağırış xarakterli, ictimaiyyəti çaşdıran məlumatlar paylaşmaqda günahlandırılırdı.

İyulun 12-də Anar Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə saytın, o cümlədən criminal.az saytına girişinə məhdudiyyət qoyulmuşdu.

Anar Məmmədov ittihamları rədd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun