AXCP sədrinin müşaviri, cəza müddətinin başa çatmasına iki gün qalmış haqqında cinayət işi başlanan Məmməd İbrahimin yatağından kəsici alət tapıldığını iddia edən üç nəfər hal şahidi məhbusların heç biri artıq 16 saylı cəzaçəkmə müəssisəsində yoxdur.
İkisi azadlığa buraxılıb, biri də məntəqə tipli müəssisəyə köçürülüb. Onlar hal şahidi qismində tanınsalar da, heç biri məhkəməyə gəlməmişdi. Lakin Məmməd İbrahimin vəkili onların məhkəmədə dindirilməsində israrlıdır.
"Azadlıq Radiosu"-nun xəbərinə görə, dekabrın 4-də Suraxanı rayon məhkəməsində Məmməd İbrahimin işi üzrə 16 saylı cəzaçəkmə müəssisəsinin baş nəzarətçisi Kamil Məmmədov, Mehman Əhmədov, dəstə rəisi Tacəddin Mənsimov, əməliyyat bölməsinin inspektoru Fərid Cəfərov və Ramin Xəlilov şahid qismində dindirilib.
Təxminən eyni məzmunlu ifadələr verən müəssisə əməkdaşları deyib ki, məhkumlar arasında Məmməd İbrahimdə qadağan olunmuş əşya olması barədə söhbət gəzirdi.
Bu məlumat əsasında da müəssisənin rəisi onun yatağında axtarış aparılmasına göstəriş verib. Axtarış vaxtı döşəyin içindən bıçaq tiyəsi tapılıb.
Amma axtarışın nəticəsi barədə protokolun harada və nə vaxt yazılması və başqa məsələlər barədə şahidlərin ifadələri arasında ziddiyyətlər olub.
"Bu adamlarla biz üz-üzə gəlmişik. Mən də bilirəm, onları məcbur ediblər. Onlar da bilir, nə var, nə yox. İndi onlara burada nə sual verim? Onları utandırmaq istəmirəm", – Məmməd İbrahim belə deyib.
Məhkəmə dekabrın 25-də davam edəcək.