Dekabrın 18-də “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik edilib.
Dəyişikliyə görə, Milli Məclisin komitələrinin səlahiyyəti artırılıb. Bu barədə Report xəbər yayıb.
Parlamentin plenar iclasında müzakirəyə çıxarılan dəyişiklik layihəsinə əsasən, bundan sonra parlamentin İnsan hüquqları komitəsi və Ailə, qadın və uşaq məsələləri komitəsi müvafiq icra hakimiyyəti orqanının fəaliyyəti haqqında illik məlumata baxacaq və rəy verəcək.
Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti qurumu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir.
Digər dəyişikliklə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Hesablama Palatasının fəaliyyəti barədə illik hesabata baxacaq və rəy verəcək.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.