Azərbaycanın müxalif siyasətçiləri hüquq-mühafizə orqanlarından "Azərbaycan landromatı" araşdırmasında üzə çıxarılmış korrupsiya və çirkli pulların yuyulması faktlarının araşdırılmasını tələb ediblər.
Belə ki, Britaniya hakimiyyəti Azərbaycandan çirkli pulların yuyulması ilə əlaqəsi olan bir neçə milyard dollarlıq bank hesablarını dondurub. Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) məlumatına görə, hesabların dondurulması orderi çirkli pulların yuyulması ilə mübarizədə ilk addım olub.
Baş verənləri şərh edən Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli bildirib ki, ilk növbədə Azərbaycanın hüquq-mühafizə orqanlarının bu faktları və xüsusən, ABŞ vətəndaşı Kemal Öksüzün ifadələrini araşdırmalı olduğunu hesab edir. O etiraf edib ki, SOCAR-ın vəsaiti ilə Amerika konqresmenlərinin Bakıya səfərlərinin maliyyələşdirilməsində iştirak edib.
Həsənli deyib ki, müdafiə üçün nəzərdə tutulmuş vəsait qanunsuz olaraq Azərbaycandan çıxarılıb. Bu faktların beynəlxalq səviyyədə ifşasına və xarici antikorrupsiya komissiyalarında təhqiqatlar aparılmasına baxmayaraq, rəsmi Bakı susmağa davam edir.
"Nə əcəb, cənab Əliyev ölkəni alçaldan, onun müdafiə qabiliyyətinə ağır zərbə vuran 3 milyard dollarlıq oğurluq faktının araşdırılmasını, Qaralov demiş, "şəxsi nəzarətinə" götürmür?", deyə Həsənli istehza ilə qeyd edir.
AXCP lideri Əli Kərimli də qeyd edir ki, gec-tez korrupsiya və çirkli pulların yuyulması faktları ifşa edilməli idi. "Deyirdik axı, xalqın, şəhidin, qazinin, işsizin, əlilin, uşağın malını sona qədər yeyə bilməyəcəksiniz", deyə Kərimli yazır.
"İndi bütün dünyada Azərbaycan korrupsiya, rüşvətxorluq ölkəsi kimi tanınır. Bu səbəbdən iqtisadiyyatımıza qoyulan investisiyaların miqyası azalır. Böyük şirkətlər Azərbaycanı tərk edir. Bir tərəfdən xalqımızın sərvətləri talan edilir, digər tərəfdən də iqtidar sahiblərinin bu davranışlarına görə bütün dünyada mənfi imicimiz formalaşır. Xalqımız da, dövlətimiz də nüfuzdan düşür ki, bu da Qarabağ problemi də daxil olmaqla bütün problemlərimizin həllini çətinləşdirir. Azərbaycan indi həm investisiya qoyuluşu, həm də turizm baxımından cəlbedici ölkə deyil", deyə Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edib.
"REAL" partiyasının lideri İlqar Məmmədov hesab edir ki, Böyük Britaniyada "Azərbaycan landromatı" ilə bağlı bank hesablarının dondurulması haqqında məlumat yeni bir şey söyləmir.
Bir müddət əvvəl Londonda Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı barəsində tədbirlər görülüb.
"Onda bir sıra beynəlxalq müşahidəçilər Britaniya anti-korrupsiya qanunvericiliyinin təkcə öz ölkələrində artıq cəzalandırılmış şəxslərə deyil, həm də hakimiyyətdə olanlara qarşı tətbiqinin vacibliyindən danışdılar", deyə Məmmədov "Amerikanın Səsi"nin Azərbaycan xidmətinə bildirib.