“Hakimiyyət onu tanımaq istəməsə və hətta həmişə ona qalib gəlsə belə, müxalifət hakimiyyəti qarabaqara izləməli, tez-tez yolunun üstünə çıxmalı və yaxşı təşkilatlanmış olmalıdır ki, onun qərarlarına təsir edə bilsin” - Fransua Gizo.
Bu fikir az qala iki əsr əvvələ – respublikaçıların feodalizm tərəfdarlarıyla mübarizəsi dönəminə aiddir. İkinci Fransa inqilabından sonra siyasi fəaliyyətə başlayıb müxalifətçilikdən Baş nazir vəzifəsinə qədər yüksəlmiş, ölkəsinin inkişafı üçün ciddi işlər görmüş Fransua Gizo həm də filosof, tarixçi, tənqidçi, tərcüməçi olub; onu sinfi mübarizə nəzəriyyəsinin banisi hesab edirlər. Sonradan bu nəzəriyyəni sistemləşdirmiş Karl Marksdan fərqli olaraq Gizo “torpaqla əlaqəsi itdiyi üçün məsuliyyətli vətəndaş ola bilməyəcək” fəhlə sinfinin demokratiya quruculuğu kimi ciddi prosesdə iştirakını mümkünsüz hesab edib.
Amma o, aristokratiyanı da sevməyib, əsas məsuliyyəti o dövrün aparıcı protest elektoratı olan burjuaziyanın boynuna qoyub, hesab edib ki, “Müxalifətin mübarizəsi yalnız mövcud sistemi məhv etməyə yönəlməməlidir, müxalifət eyni zamanda sistemi cilovlamağa, dəyişməyə və hətta ən güclü vaxtında belə kompromisə getməyə məcbur etməlidir”.
Belə məlum olur ki, 19-cu əsrdə yarı-feodal Fransanın idarəçilik sistemi müxalif mövqeyə dözümlü münasibət göstərib. 21-ci əsr Azərbaycanında isə vəziyyət fərqlidir – avtoritar rejim rəqiblərini hər yolla sıradan çıxarmaq siyasəti yürüdür. Azərbaycandakı siyasi sistem mövcud sistemlərin (liberal demokratiya, qapalı avtoritarizm, qüsurlu demokratiya və rəqabətli avtoritarizm) ən pisidir. Çünki hibrid avtoritarizm demokratiyaya münasibətdə qapalı avtoritarizmdən daha məkrlidir, formaca bir addım irəli olduğuna görə demokratik inkişaf potensialı qapalı rejimdəkindən daha çoxmuş kimi görünsə də, mahiyyətinə və məqsədinə (qeyri-demokratik idarəçiliyini və hakimiyyətin uzurpasiyasını davam etdirmək niyyətinə) görə ondan fərqlənmir. Sadəcə üsullar fərqlidir – qapalı rejimlər demokratik quruluş görüntüsü vermək üçün sivil dünyanın siyasi leksikonundan istifadə etmirlər, demokratik rəqabət görüntüsü yaratmaq üçün “alternativli” seçki oyunları təşkil etmirlər, o ölkələrdə müxalif qüvvələri və onların timsalında demokratiya ideyasını nüfuzdan salmaq taktikası da yoxdur, çünki oralarda, ümumiyyətlə, müxalifət yoxdur. Yəni qapalı avtoritarizm olduğu kimi görünən avtoritarizmdir. Rəqabətli avtoritarizmdə isə qanun tərəfindən tanınmış təşkilatlar hakimiyyət tərəfindən tanınmır; qanunun onlara verdiyi siyasi fəaliyyət hüququ hakimiyyət tərəfindən iqnor edilir.
Amma demokratiya və insan haqları müstəvisində teatral reveranslar həm daxildə, həm də xaricdə rejimlə bağlı əsassız gözləntilər yaradır, prinsipcə xoşməramlı olan bu ümidlər nəticə etibarilə rejimin ömrünün uzanmasına gətirib çıxarır: demokratik dəyişikliklər “ha bu gün başlayar, ha sabah”ümidilə yaşayan xalq, o cümlədən avtoritar hakimiyyətdən güzəştlər qoparmağa çalışıb ayrıca götürülmüş bir ölkədə insan haqlarını bazarlıq predmetinə çevirən beynəlxalq təşkilatlar mövcud qeyri-demokratik şəraitin davamlılığını təmin etmiş olurlar.
Hibrid avtoritarizmdə müxalifətin rəqabət potensialı siyasi proses yaradacaq səviyyədə olmur. Uzun perspektivdə bu potensial daha çox struktur faktorlarından (dominant ictimai ovqatdan, hakimiyyətin reytinqindən, idarəetmənin effektliliyindən və makroiqtisadi göstəricilərdən) asılıdır, hansılar birbaşa rejimin, dolayısıyla müxalifətin gücünün artmasına və ya azalmasına şərait yaradır. Qısa zaman aralıqlarında isə rəqabət potensialını sistemin stimulları və resurs imkanları müəyyənləşdirir.
Baxaq, görək, Azərbaycanda sistem stimulları kimin xeyrinədir.
Konstitusionalizm (qanunun aliliyi) – yoxdur, prezident üsul-idarəsi – mütləq hakimiyyət halını alıb, seçki sistemi - ədalətsizdir, müxalifətin institutlaşması – zəifdir, müxalifətin siyasi fəaliyyəti üçün maneələr – yüksəkdir, siyasi rəqabətin xarakteri – qismən azad və ədalətsizdir, repressiya səviyyəsi – yüksəkdir. Yəni stimullar hakimiyyətin mənafeyinə uyğun şəklə salınıb.
Bu da müxalif partiyaların resurs imkanlarının vəziyyəti: liderlər – var, ideologiya – var, strategiya – qeyri-müəyyəndir, KİV resursu – zəifdir, təşkilatlanma – zəifdir. Yəni müxalifət resurs sarıdan da axsayır.
Göründüyü kimi, indiki şərtlərdə müxalifət Gizonun dediyi şəkildə fəaliyyət göstərmək, hakimiyyətin qərarlarına təsir etmək iqtidarında deyil. Düşərgənin rəqabət potensialı hakimiyyətin ona tanıdığı imkanlar səviyyəsində formalaşıb. Demək ki, demokratiya və hakimiyyət uğrunda mübarizədən öncə bu imkanları genişləndirmək uğrunda mübarizə aparılmalıdırlar. Yəni, məsələn, etiraz aksiyalarından daha əvvəl elektoral dəstək problemi həll olunmalıdır.
Doğrudur, avtoritar rejimlərdə bu, elə hakimiyyətə gəlmək qədər çətin məsələdir, amma sıra nömrəsinə görə birincidir. Obyektiv və subyektiv səbəblər üzündən zəifləmiş və kiçilmiş partiyalar bu problemi həll etmək üçün yeni üzvlər cəlb etməyin yollarını tapıb yenidən təşkilatlanmaq məcburiyyətindədirlər.
Seçki nəticələrinin mütəmadi saxtalaşdırıldığı və sosial narazılıqların gedərək artdığı mövcud situasiyada elektoral dəstəyin real səviyyəsini öyrənmək müxalifət üçün çox vacibdir. Amma neyçünsə düşərgə buna həvəsli görünmür. Əksər təşkilatlar fəaliyyət üçün funksional şəraitin məhdudluğuyla barışaraq (və ya bunu bəhanə edərək) “qınlarına” çəkilməyə üstünlük veriblər. Uzun müddətdir ki, cəmiyyətin (əhali qrularının) nəbzi yoxlanmır – insanların müxalifətdən gözləntisi nədir, hansı mesajlarla onların diqqətini çəkmək olar, hansı fəaliyyət növləri onlara fəallaşmaq üçün impuls verər (ən azı hakimiyyətə alternativ seçimində), hansı partiyaya hansı “koordinatlarda” simpatiya daha böyükdür və bunun səbəbi nədir, hansı partiyanın daha çox yeni üzv cəlb etmək potensialı var və bu potensialı necə reallığa çevirmək olar və s. Kiçik istisnaları çıxmaq şərtilə, son illər müxalifət partiyaları bu qayğılardan uzaq görünürlər, daha çox bir-birilərinə qarşı vuruşurlar və bunun nəticəsidir ki, təkcə hakimiyyətin qadağalarına görə yox, həm də öz təşəbbüssüzlüklərinə görə siyasət meydanında “həm var, həm yox” vəziyyətindədirlər.
Rejim müxaliflərin bir qismini satın alaraq özünə insayder müxalifət (hərçənd “cib müxalifəti” daha dəqiq ifadədir) yaradıb, cibində olmayan (“hələ ki” deyək, göz dəyər) çoxluğu İlham Əliyevin məğlubedilməzliyi fikrinə inandırıb. Bir tərəfdən total təbliğat, digər tərəfdən də böyük elektoral dəstək görüntüləri vasitəsilə öz üstünlüyünü legitimləşdirib və müxalifəti sosial bazası və siyasi perspektivi olmayan uğursuz siyasi qüvvə kimi tanıdıb. Davamlı pressinq müxalifətin özünə inamını azaldıb, zəif hücum strategiyası seçməyə sövq edib (Daha güclüsünü seçmək imkanı var, yoxsa yox, başqa söhbətin mövzusudur. Burda mən məsələnin psixoloji aspektini nəzərdə tuturam). Bu bir gerçəkdir ki, müxalifət partiyalarının heç birində qələbə şansına inam yoxdur. Hərdən “həyat əlamətləri” göstərsə də, düşərgə əslində apatiya içindədir. Bu isə passivliyə və hədəfdən yayınmalara, strateji planlaşdırmada səhvlərə yol açıb. Düşərgə “vahidləri” (böyük əksəriyyəti) hakimiyyətin onlar üçün cızdığı sərhədin keçilməzliyinə az qala onun özündən çox inanırlar və buna görə də xalqla özləri arasındakı məsafəni azaltmağa heç bir təşəbbüs göstərmirlər.
Halbuki zorakı rejimin ictimai rəyə əsas təsir vasitələrindən biri kütləvi dəstək faktorunun nümayişidir, müxalifətin müşahidəçi mövqeyi hakimiyyəti bu meydanın tək oyuncusuna çevirib. İlham Əliyev və komandası indiki pasyansın Azərbaycan üçün ən yaxşı (və ya ən təhlükəsiz) variant olduğunu, bütün başqa alternativlərdə ölkənin indikindən daha ağır duruma düşəcəyini ictimai şüura yeritməkdə davam edir (Toplumun düşüncəsi kimi görünən “Bunlar yeyib doyublar” tipli fikirlər məhz hakimiyyətin “mətbəxində” hazırlanır və satellitlər vasitəsilə tirajlanaraq kütləviləşdilir); işsizlik və yoxsulluğun milli bəla halına gəlməsinə rəğmən, analoqsuz inkişaf və sosial rifah nağılları vasitəsilə xalqın beynini yumaq cəhdlərindən əl çəkmir. Bir də, təbii ki, ictimai destabilizasiaya təhlükəsi təbliğatı var, avtoritar hakimiyyət daxili və xarici düşmənlər mövzusunu (hakimiyyət çevrilişi istəyən Qərb agentləri, ekstremizmlə məşğul olan dindarlar və s.) daim gündəmdə saxlayır, onları cilovlayan yeganə qüvvə olduğunu iddia edərək özü haqqında “sabitliyin qarantı” mifini formalaşdırır. Rejim legitimlik üçün istifadə etdiyi demokratiya elementlərini də (seçkilər və ya referendum kimi) kütləvi dəstəyin nümayişinə çevirir, ilk növbədə xalqa, sonra da müxalifətə və dünyaya göstərir ki, əhali səsvermə nəticələrin saxtalaşdırılmasına etiraz etmir. Müxalifətçilərin (həm də çox az qisminin) cəmiyyətə uzaqdan (KİV üzərindən) səslənişləri hakimiyyətin bu total təbliğat kampaniyasıyla müqayisədə yetərsiz qalır.
Vəziyyəti necə dəyişmək olar? Müxalifətin rəqabət potensialını nə artıra bilər?
Əliyevlər hakimiyyətə yiyələndən sonrakı bütün illərdə bu mövzu aktual olub, ən yaxşı vasitə kimi müxalifətin birliyi variantı seçilib. Zaman-zaman müxtəlif birliklər, bloklar yaradılıb, bəziləri “istifadə müddəti” bitdiyinə görə (məsələn, seçki blokları), bəziləri daxili ziddiyyətlər ucbatından dağılıb. Əslində, bu, təbii prosesdir, demokratik ölkələrdə də koalisiyalar qurulur və dağılır. Oralarda da siyasi platformaları fərqli (bəzən hətta çox fərqli) partiyalar bir komandada birləşə bilirlər və hətta demokratiya problemini həll etmiş siyasi sistemlərdə də bu cür əməkdşalıqlər, adətən, keyfiyyətsiz (problemli) olur və uzun sürmür.
Amma qeyri-demokratik ölkələrdə çox fərqli qüvələrin əməkdaşlığı daha arzuolunmaz və daha təhlükəlidir. Məsələn, dini ideologiya daşıyıcıları və ya siyasi kollaborasionistlərlə birlik kimi eksperimentlər bu ölkələrdəki dövlət institutlarının kövrək (bəzən hətta çürük) dayaqlarını sarsıda, demokratik mübarizənin faydalılıq əmsalını azalda bilər. Azərbaycan da istisna deyil: son prezident seçkiləri də daxil, yaxın keçmişdəki bir neçə konkret situasiya göstərdi ki, qeyri-təbii siyasi simbiozlar müxalifət düşərgəsinə əlavə problemlər yaradır. Bu isə bəlli çərçivədə nüfuz itkisi deməkdir. Artıq xeyli vaxtdır ki, orta statistik Azərbaycan vətəndaşı daxili çəkişmələrlə gündəmdə olan siyasi qüvvələrə rəğbət bəsləmir; bir-birini yox, hakimiyyəti “yıxıb-sürüyən” fiqurlara maraq göstərir, onları təqdir edir. Çünki əhalisi partiya və lider seçiminə tam hazır olmayan cəmiyyətlər tənqidçilərdən hansının hansı “məzhəbə” quluq etdiyini müəyyənləşdirəcək səviyyədə kompetent olmurlar. Rejimdən və “uzun çəkən prosesin” çirkinliyindən bezmiş insanlar siyasətçilərin məhz ümumi maraqlar uğrunda mübarizə aparmasını, onların partiya maraqlarından – bu maraqlar nə qədər önəmli olur-olsun, – imtina etməsini istəyir. Əslində nominalist demokratiyaya zidd tələbdir, amma reallıq məhz bu şəkildədir və hər hansı səbəbə (özünü qorumağa və ya başqa nələrəsə) görə ona əməl etməkdən yayınan partiyalar marginallaşmağı könüllü şəkildə qəbul etmiş olurlar. Əlbəttə, medalın o biri üzündə hakimiyyətin repressiya siyasəti - təzyiqlər, təqiblər, həbslər və sairə var. Amma məhz bu durum müxalifətin toparlanması və bir-birinə qarşı mübarizədən imtina etməsi üçün stimul rolunu oynaya bilər.
Bu gün müxalifət partiyaları (kağız üzərində olmayan hissəsi) öz rəqabət potensiallarını artırmaq üçün ən ümumi prinsiplərdə razılığa gəlib atəşkəs elan edə bilərlərmi? Belə bir “taym aut”u özü üçün keyfiyyət artımı fürsətinə çevirə biləcək və ya çevirmək istəyən neçə partiya var? Merkantil maraqlardan, müftəxorluqdan və eqoizmdən vaz keçmək mümkün olacaqmı? Və ən əsas sual: düşərgədaxili hücumlara son verilməsi bütün partiyalara lazımdırmı, yəni bütün partiyaların məqsədi və hədəfi eynidirmi?
Müxalifət düşərgəsinin hakimiyyətə qarşı mübarizəyə konsentrasiya potensialı bu sualların cavabından asılıdır.