Ötən il dünyada terrorçuluq nəticəsində ölənlərin sayı 27 faiz azalıb, ən böyük azalma İraq və Suriyada baş verib.
Azadlıq Radiosunun məlumatına görə, bunu Qlobal Terrorçuluq İndeksi 2018 üzə çıxarıb.
94 ölkədə durum yaxşılaşıb, 46-da pisləşib. Bu, 2004-cü ildən bəri qeydə alınmış ən yüksək göstəricidir.
İraq və Suriyada terror aktlarında həlak olanların sayı uyğun olaraq 5 min və min nəfər azalıb. Bunun əsas səbəbi İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının məğlubiyyəti ilə izah olunur.
2017-ci ildə İŞİD-ə bağlı terror hücumlarında ölənlərin sayı 52 faiz azalıb. Ancaq yenə də İŞİD dünyada ən çox ölümə səbəb olan terror qrupu sayılır. İŞİD tutduğu ərazilərin böyük hissəsini gəlirlərinin, demək olar, hamısını itirib və bu da özünü hər hücumda ölənlərin sayının azalmasında göstərib. İlkin məlumatlar bu tendensiyanın bu il də davam etdiyini göstərir.
Qərbi Avropada terrorçuluğun miqyası 52 faiz azalıb. Fransa, Almaniya və Belçikada terrorçuluqdan ölənlərin sayında kəskin azalma var. Ötən il terror hücumlarında 81 nəfər, 2016-cı ildə isə 168 nəfər həlak olub. Bu ilin oktyabrınadək cəmi 8 nəfərin teraktlarda həlak olduğu bildirilir.
Amma Qlobal Terrorçuluq İndeksi terrorçuluğun hələ də geniş yayıldığını, bəzi regionlarda durumun lap pisləşdiyini qeyd edir.
Yaxın Şərq və Afrikada 5 ölkədə – Əfqanıstan, İraq, Nigeriya, Somali və Suriyada terror hücumlarında mindən çox, 19 ölkədə isə 100-dən artıq ölüm halı qeydə alınıb.
Terror hücumlarına məruz qalma reytinqində Azərbaycan 163 ölkə içində 98-cidir, terrorçuluq indeksi 0,96-dır. Ötən il bir insidentin baş verdiyi, ölüm halının qeydə alınmadığı, iki nəfərin xəsarət aldığı bildirilir.
Qonşulardan Ermənistan 83, Gürcüstan 89, Rusiya 34-cü yerdədir. Bu reytinqdə pillənin yüksəkliyi durumun yaxşı olmasını göstərir. İraq 1, Əfqanıstan 2, Türkmənistan 138-cidir.
Ötən il terrorçuluqdan ən çox ölüm Somali və Misirdə baş verib. Somalidə bir hücumda 587, Misirdə 311 nəfər həlak olub. Somalidə 2016-cı illə müqayisədə ötən il terrorçuluqdan ölüm halları 93 faiz artıb.
Şimali Amerika və Qərbi Avropada ifrat sağçı siyasi terrorçuluğun yüksəldiyi vurğulanır. 2013-2017-ci illərdə bu regionlarda ifrat-sağçı qruplar və fərdlər 66 nəfəri öldürüb, 127 hücum törədib.