Şəhidlər Xiyabanında "sus" aksiyası keçirilib [Fotolar]

Şəhidlər Xiyabanında "sus" aksiyası keçirilib [Fotolar]
18 Dekabr 2018
Mətni dəyiş

Bu gün, dekabrın 18-də bir qrup vərəsə Şəhidlər Xiyabanına toplaşıb. Onlar ağızlarına, üzərinə "sus" sözü yazılmış qara maska keçiriblər.

Qarabağ uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçuların yaxınları bu addımı dekabrın 11-də Prezident Administrasiyası önünə toplaşarkən vərəsələrdən Toğrul Qocayevin həbsinə etiraz kimi izah ediblər. Onlar T.Qocayevin azad olunması tələb ediblər.

Azadlıq Radiosunun xəbərinə görə, Şəhidlər Xiyabanını ziyarət edən vərəsələr vurğulayıblar ki, T.Qocayev əsasız yerə həbs edilib.

Bundan sonra onlar dağılışıblar, əvvəl toplaşdıqlarının əksinə olaraq nə Milli Məclisin, nə də Prezident Administrasiyası önünə gediblər.

Artıq bir neçə aydır Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olan hərbi qulluqçuların vərəsələri Şəhidlər Xiyabanının, Milli Məclisin və Prezident Administrasiyasının önünə toplaşaraq şikayətlərini dilə gətirirlər. Onlar bildirirlər ki, prezidentin fərmanına əsasən onlara verilməli olan birdəfəlik müavinəti ala bilmirlər.

Sonuncu dəfə, dekabrın 11-də də Prezident Administrasiyası qarşısına toplaşmışdılar. Həmin gün vərəsələrdən T.Qocayev saxlanıb. Polisin qanuni tələbini yerinə yetirməməkdə günahlandırılan T.Qocayev 30 sutka inzibati həbs alıb. Daha sonra Apellyasiya Məhkəməsi onun cəzasını 15 gün azaldıb.

Dünən, dekabrın 17-də hərbi qulluqçulara mənzil verilərkən prezident İlham Əliyev də 11 minlik birdəfəlik müavinət məsələsinə toxunmuşdu.

Prezident nə demişdi?

"Vərəsələrə dövlət tərəfindən 11 min manat vəsait verilməsi nəzərdə tutulub. Artıq bu vəsaitin verilməsi prosesi başlamışdır. Təqribən 10 minə yaxın ailə dövlət tərəfindən bu pul təminatını alacaq. Hazırda siyahılar dəqiqləşdirilir və beləliklə, bu proqramın icrası nəticəsində minlərlə ailə öz maddi vəziyyətini yaxşılaşdıracaq. Bu, dövlətin öz şəhidlərinin qəhrəmanlığına görə göstərdiyi diqqətdir, onların ailələrinə göstərdiyi qayğıdır. Ancaq təbii ki, hər sahədə olduğu kimi, bu sahədə də ədalət prinsipi əsas olmalıdır", - prezident vurğulamışdı.

Xatırlatma

Prezident İ.Əliyev bu il aprelin 19-da 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə həlak olan hərbi qulluqçuların vərəsələrinə 11 min manat ödənilməsi barədə fərman imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 9-dan sənədlərin qəbuluna başlayıb. Ancaq bəzi vərəsələr fərmanın icrasından narazılıq edirlər. Fərmanın onlara aid edilmədiyini bildirən narazılara məhkəməyə üz tutmaq tövsiyə edilib.

Dövlət Sığorta Kommersiya Şirkəti (Azərsığorta) isə bildirib ki, onlara ödəniş daha əvvəl edilib:

"Varislərə 50000 – 200000 manat sığorta ödənişi həyata keçirilib...".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı məlumatlara görə, indiyədək 2 min 338 hərbi qulluqçunun 3 min 38 vərəsəsinə birdəfəlik ödəmə (11 min manat) həyata keçirilib. Proses davam edir. Nazirlik bildirib ki, komissiya həlak olmuş hərbi qulluqçulardan 9 min 531 nəfərin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnu müəyyənləşdirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun