ABŞ-da çıxan nüfuzlu Time jurnalı qətlə yetirilmiş səudiyyəli jurnalist Jamal Khashoggi və məcmuənin dili ilə deyilsə “təqib və zorakılığa baxmayaraq həqiqəti müdafiə edən” bir qrup jurnalisti “İlin Adamı” elan edib.
Time jurnalının “qvardiya” adlandırdığı “başqa jurnalistlər” qrupuna isə həbs edilmiş Filippin jurnalisti Maria Ressa, Birmada bir ilə yaxın həbsxanada saxlanmış Reuters müxbirləri Wa Lone və Kyaw Soe Oo, habelə Merilendin Annapolis şəhərində çıxan Capital Gazette nəşrinin müxbirləri daxildir. Bu qəzetin redaksiyasına ötən iuynda edilmiş basqında beş nəfər həlak olub.
Azadlıq Radiosunun məlumatına görə, Time dekabrın 11-də yazıb ki, bu jurnalistlər “böyük həqiqətləri axtararkən böyük risklərə girənləri” təmsil edirlər.
Jurnalın baş redaktor müavini Edward Felsenthal-ın oçerkində deyilir:
"Onlar dünya boyunca mübarizə aparan saysız-hesabsız başqalarını təmsdil edirlər. Dekabrın 10-a olan məlumata görə 2018-ci ildə zəmanəmizin hekayətini danışmaq uğrunda mübarizə aparan 52 jurnalist qətlə yetirilib”.
Birləşmiş Ştatlarda “könüllü sürgündə” yaşamış Khashoggi Washington Post qəzetinin ştatdankənar müxbiri idi. Səudiyyənin vəliəhd şahzadəsi Muhammad bin Salmanı kəskin tənqid edən jurnalist oktyabrın 2-də krallığın İstanbuldakı konsulluğunda qətlə yetirilib.
Jurnalist Ressa “Rappler” xəbər portalının redaktorudur. Bu sayt Filippinin diktator başçısı Rodrigo Duterte-ni tənqid edir. Hazırda “Rappler” saytına qarşı vergidən yayınma ittihamı irəli sürülüb. İnsan haqları qrupları bu ittihamı siyasi motivli hesab edirlər.
Reuters müxbirləri Wa Lone və Kyaw Soe Oo Rohinca müsəlmanlarının qətliamı haqda təhqiqat yazısı hazırladıqdan sonra bir ilə yaxın həbsxanada saxlanıblar.
Annapolisdəki Capital Gazette nəşrinin 4 jurnalisti və satış meneceri redaksiyanın ofisində qətlə yetiriliblər.
Time jurnali 1927-ci ildən bəri hər ilin sonunda portretlərini məcmuənin üz qabığında çap etmək üçün ən layiq olan şəxsləri və ya qrupları müəyyən edir.
Bu il üçün seçilənlərin şəkilləri dörd müxtəlif üz qabıqlarında dərc ediləcək. Builki ənənəni pozan seçilən şəxsin artıq sağ olmamasıdır.
2016-cı ildə Time tərəfindən “İlin Adamı” seçilmiş ABŞ prezidenti Donald Trump bu il üçün də namizədlərdən biri idi.
Namizədlərin arasında üçüncü yeri Trump kampaniyasının Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Mueller tuturdu.