Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında "Ermənistandan azərbaycanlıların köçürülməsinin son dalğası:30 il" mövzusunda dəyirmi masa keçirilib.
Toplantıda VHP sədri Sabir Rüstəmxanlı, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, tarixçi alim Vəli Əliyev, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, "Qərbi Azərbaycana Qayıdış" Birliyinin sədri Rizvan Talibov, rejissor Rövşən Almuradlı, AMEA-nın əməkdaşı Yasəmən Qaraqoyunlu, "Borçalı" Cəmiyyətinin sədr müavini Elbəyi Cəlaloğlu, jurnalist Sərdar Əlibəyli, DAK İH üzvü Xəzər Emin və başqaları iştirak edib.
Tədbiri Sabir Rüstəmxanlı açaraq mövzu ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra VİP sədri Ali N. Aliyev söz alaraq bildirib ki, erməni təxribatlarına qarşı xalqımız güclü şəkildə təşkilatlanmalıdır: “ Əvvəla Ermənistandan köçürülmuş soydaşlarımıza vətəndaşlıq verilməsi strateji səhvlərdən biridir. Həmçinin deportasiya nəticəsində dəyən maddi zərər indiyədək siyahıya alınmalı, hesablanmalı idi. Orada itirdiyimiz əmlak, mədəniyyət nümunələri, abidələrin qeydiyyatı aparılmalıydı. Hesab edirəm ki, belə bir siyahının hazırlanmaması cəmiyyətimizin yaxşı təşkilatlanmamasının nəticəsidir.Çox təəssüf ki, tarixdən dərs çıxara bilmirik. Ermənilərin isə tamahı sönmür, digər torpaqlarımıza, hətta Gəncəyə də iddia edirlər. Bu həyasızlığın qarşısını almaq üçün müfaviq addımlar atılmalı, daha güclü şəkildə təşkilatlanmalıyıq”.
Daha sonra çıxış edən tarixçi alim Vəli Əliyev deportasiya ilə bağlı faktlar, şahidi olduğu hadisələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verib: “ Deportasiya olunmuş insanların Vətəni orada qalıb. Tək torpaqlarımızı deyil, eləcə də maddi mədəniyyət abidələrimizi itirmişik. Ermənilər gerçək tarixi silib, saxta tarix yazır, torpaqlarımızı, maddi mədəniyyət abidələrimizi erməniləşdirirlər. 1988-ci ilin deporatsiyası mənim gözümün qabağında baş verdi, bir çox hadisələrin şahidi oldum. Erməni vəhşiliyi, zorakılığına dair çoxsayda faktlar var. Bir dəfə toy məclisinə daxil olub, gəlini aparmaq istəyirdilər. Bizim kişilər maneə oldu. Başqa bir gün yeni dəfn olunmuş gəncin məzarını dağıtdılar. Bu kimi çox faktlar sadalamaq olar. İnsanlarımız zorakılıqla torpaqlarından çıxarıldı. Ermənilərin işğal siyasəti bu gün də davam edir. Bakıya da iddialıdırlar. Onlarla qarşı mübarizədə daha da ciddi olmalıyıq. Tariximizi öyrənməli, daha güclü təbliğat aparmalıyıq”.
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə deportasiya ilə bağlı sənədlərin yoxa çıxmasından danışıb: “ Burada qeyd olundu ki, deportasiya edilən insanların mülkü,əmlakı siyahıya alınmalı idi. Qeyd etmək istəyirəm ki, belə bir siyahı mövcud olub. Biz o zaman Qaçqınlar Cəmiyyəti olaraq, həmin şəxslər arasında sorğu keçirib, itirdikləri əmlakın,mülkün, torpağın qeydiyyatını aparmışdıq. Otaq boyda sənəd yığılmışdı. Sonra bu sənədlər yoxa çıxdı. Gah dedilər ki, yandırılıb, gah Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə verldiyi söylənildi. Bu cür ciddi bir sənəd hazırda demək olar ki, yoxdur”.
"Qərbi Azərbaycana Qayıdış" Birliyinin sədri Rizvan Talibov qeyd edib ki, Qərbi Azərbaycan məsələsi bu gün Azərbaycanın qarşısında dayanan ən önəmli problemlərədn biridir: “ Mənim fikrimcə, Qərbi Azərbaycan Qarabağ problemindən də ağır məsələdir. Çünki Qarabağ Azərbaycanın, Qərbi Azərbaycan isə Ermənistanın tərkib hissə kimi dünyada tanınır. O torpaqların bizim dövlətə aid olduğunu faktlarla sübut etmək çox çətin məsəslədir. Odur ki, bu mövzuya üzərində çox ciddi çalışmaq lazımdır. Biz bilməliyik ki, Azərbaycan ərazilərində Ermənistan dövləti yatarmaq ideyası 200 illik tarixə malikdir. Bu qondarma dövlət yaradılarkən əsas hədəf Bakı götürlüb. Bu məqsədlə Bakıya xüsusən də 1918-ci il və Sovet qurulan zaman yüz minlərlə erməni yerləşdilib. Demək olar ki, Azərbaycan elə Sovet dövründə ermənilərin işğalı altında olub. Onlar ermənilər üçün təhlükəli hesab etdikləri azərbaycanlıları aradan götürüblər. Tək 1937-1940-cı illərdə 40 min başbilən, ziyalı soydaşınız elə özümüzünkülərin əli ilə məhv edilib”.
R.Talıvov Azərbaycanın 50 faiz torpağının işğal altında olduğunu əlavə edib: “Azərbaycan əsrin əvvəlində 125 min kvadrat kilometr ərazi ilə Rusiyanın tərkibinə daxil olub. Həmin vaxt burada bir erməni vilayəti, yaxud da xanlığı var idimi? Yox! O zaman biz niyə yalnız 20 faiz torpağımız işğal altındadır deyirik? Unutmamalıyıq ki, torpağımızın 20 deyil, 50 faiz erməni işğalı altındadır”.
Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı da mövzu ilə bağlı fikirlərini bölüşüb: “ Bu məsələ ilə bağlı bir faktı qeyd etmək istəyirəm. 1934-1974-cü illərdə hər il Bakıdan yüz erməni azərbaycanlı ad və soyadı ilə oxumaq üçün İrəvana göndərilib. Orada təhsil alandan sonra da azərbaycanlı adı ilə Bakıya geri qaytarılıb. Onlar Azərbaycanda müxtəlif vəzifələrdə yerləşdirilib və bu gün aramızdadırlar. Nə qədər ki, içimizdən ermənilər təmizlənməyib, bu kimi mövzularda nəsəyə nail ola bilməyəcəyik”.
Toplantı mövzu ilə bağlı DAK İH üzvü Xəzər Eminin və digər iştirakçıların çıxışları ilə başa çatıb.