“Məşğulluq Mərkəzinə müraciət etdim. Mərkəzin yeni təyin olunmuş direktoru dedi, əlilliyin olmasaydı, sənə iş təklif edərdim. Əlil adamsan, mən sənə nə iş təklif edim?”
Göygöl sakini, Emin Şərifovun 34 yaşı var, 3-cü qrup əlildir. Deyir, əlilliyə görə 47 manat müavinət alır. Bu isə heç onun dərmanlarına da çatmır. Emin Şərifov uzun illərdir ki, işsizdir. İş üçün dəfələrlə Göygöl Məşğulluq Mərkəzinə müraciət etsə də, hər dəfə “sənə münasib iş yoxdur” - cavabını alıb. Sonuncu dəfə Mərkəzin qapısını bu ilin yanvarında döyən Emin Şərifova bildirilib ki, əlil olmasaydı, ona iş tapılardı. O da cavabdan razı qalmadığı üçün giley-güzarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsinə yazıb:
“Mən ora yazdığıma cavab aldım ki, “müraciətiniz müvafiq şöbəyə göndərilib”. Bir neçə gün gözlədim, bir də “Facebook” səhifələrinə yazdım. Bu dəfə cavab yazdılar ki, müraciətə baxılma müddəti 30 günədəkdir. Bir neçə gün sonra mənə zəng vurub dedilər ki, Göygölün Məşğulluq Mərkəzinin direktoru yanına çağırır. Getdim, dedi, Mənzil Komunal İdarəsində iş var, ancaq maaş azdır. Elə mən də maaşın azlığına görə razılaşmadım. İş ağır, maaş da cəmi 120 manat. Direktor dedi, dur get, arada bizimlə əlaqə saxlayarsan. Bir həftə sonra direktorla əlaqə saxlayanda yenə həmin işi təklif etdi, dedi, ya get, başını aşağı sal, işlə, ya da başqa iş yoxdur”.
Emin Şərifov səhhəti ilə bağlı ağır işlərdə çalışa bilmir. Əvvəllər rayondakı Heydər Əliyev parkında bağban işləyib. Ancaq istirahət günü olmadığından o işdə cəmi 3 ay duruş gətirə bilib:
“100 manat maaşın qarşılığında şənbə, bazar, hətta bayramlara görə dövlətin verdiyi qeyri-iş günlərini də işləyirdim. Prezident qeyri-iş günləri ilə bağlı fərman imzalayır, ancaq dövlət qurumları özləri vətəndaşı həmin günlərdə də işlədir. Ona görə də o işdə davam gətirə bilmədim. Məşğulluq Mərkəzi bilir ki, xəstə adamam, daş qaldırmaq, palçıq qarışdırmaq – bu işlər mənlik deyil. Heç həkimlər də icazə vermir. Mənə qəsdən belə işlər təklif olunur, bilirlər ki, imtina edəcəm. Bunların təklif etdiyi iş səhər saat 6-da durub küçələrdəki zibilləri zibil maşınlarına daşımaqdan, su arxlarını təmizləməkdən, axşamadək küçələrdəki təmizliyi gözləməkdən ibarətdir. Bu ağır şərtlərin qarşılığında 120 manat maaş vəd olunur”.
Şikayətçi deyir, son vaxtlar rayon rəhbərliyi rayonda xeyli iş yerlərinin açıldığını bildirir. O da bu iş yerlərindən ona uyğun olanını istəyir. Emin Şərifov hesab edir ki, iş yerlərinin açılması ilə bağlı statistika qəsdən şişirdilir. Əslində rayonda işsizlik tüğyan edir. İş üçün müraciət edənlərə eyni işlər təklif olunur – ağır şərtlərə və cüzi maaşa isə heç kəs getmir.
Göygöl rayon Məşğulluq Mərkəzindən bildiriblər ki, indiyədək yüzlərlə işaxtaran vətəndaş qeydiyyata alınıb. Əhalinin məşğulluğunu təmin etmək və insanların sosial müdafiəsini gücləndirmək məqsədilə onların xeyli hissəsi müxtəlif iş yerləri ilə təmin olunub, bir qisminə isə işsiz statusu verilərək müavinət təyin edilib. Mərkəz yalnız dövlət idarələrindən və özəl sektordan daxil olan iş təkliflərini işsiz vətəndaşların nəzərinə çatdırır. Təklif olunan işin şərtləri, məvacibin məbləği Mərkəz tərəfindən yox, işçi axtaran tərəfindən müəyyən edilir. Razılaşmaq da, razılaşmamaq da işaxtaranın seçimidir.
Emin Şərifova gəlincə, ona Mərkəz tərəfindən bir neçə iş təklifi olub, ancaq qəbul etməyib:
“Mərkəzə ona uyğun işlə bağlı işçiaxtaran tərəfindən müraciət olunarsa, mütləq nəzərə alınacaq və həmin iş yeri ilk olaraq Emin Şərifova təklif olunacaq”.