"The Guardian" yazır ki, Britaniyanın millət vəkilləri Birləşmiş Krallığın dəniz ərazilərində və protektoratlarında çirkli pulların yuyulmasına, sanksiyalardan və vergilərdən yayınmalara imkan yaradılmasının ləğvinə çağırırlar.
Cənnət və Panama sənədləri üzrə araşdırmaların üzə çıxardığı mühüm tapıntılar hazırda Britaniya parlamentində müzakirə olunan sanksiyalar və çirkli pulların yuyulmasına qarşı qanunun ikinci oxunuşunda bir daha diqqət mərkəzinə gəlib.
Bu qanun Britaniya Avropa İttifaqını tərk etdikdən sonra blokun müvafiq qanununu əvəz etməlidir.
Lakin Britaniya hökuməti işarə edir ki, o, Britaniyanın okean ərazilərini yeni şəffaflıq qaydalarının qəbuluna məcbur etməyəcək.
Bu, faktiki olaraq keçmiş baş nazir David Cameron-un vədlərinin üstündən xətt çəkilməsi deməkdir. O bütün dünya ölkələrini korrupsiya ilə mübarizədə birləşməyə çağırmışdı.
Bir neçə millət vəkilləri tələb ediblər ki, Britaniyanın keçmiş müstəmləkə əraziləri onlardakı ofşor şirkətlərin əsl sahib və mənfəətdarlarının qeydiyyat kitabını dərc etməyə məcbur edilsinlər.
"The Guardian" yazır ki, Birləşmiş Krallıq 2016-cı ildə mənfəətdar şirkət sahiblərinin ayrıca ictimai reyestrini yaradıb və belə bir qaydanın Britaniyadakı mülkiyyətə də şamil ediləcəyini vəd verib.
Ofşordakı şirkət sahiblərinin adı hüquq-mühafizəçilərə açıla bilər
Lakin Britaniyanın taxt-tac və dəniz əraziləri ofşor şirkətlərin əsl sahiblərinin adlarını yalnız hüquq-mühafizə orqanlarına, o da tələb edilərsə verməyə borcludurlar. Başqa sözlərlə ictimaiyyətin bu reyestrə girişi yoxdur.
"Reyestrlər vətəndaş cəmiyyətinə, mediaya, jurnalistlərə, QHT-lərə açıq olmalıdır" - mühafizəkar millət vəkili və beynəlxalq inkişaf naziri Andrew Mitchell deyib.
Mitchell bildirib ki, Dünya Bankının məlumatına görə Afrikadan, ödənməmiş vergilər şəklində bu qitəyə verilən bütün yardımlardan daha çox pul oğurlanır.
"Biz yoxsul Afrika qarşısında, həm də öz vergiödəyənlərimiz qarşısında bu qalmaqala son qoyulması üçün addım atmağa borcluyuq" - deyib millət vəkili.
Parlamentin ictimai hesablar komitəsinin keçmiş sədri ledi Margaret Hodge da bildirib ki, bu daimi qalmaqallara son qoymağın vaxtıdır.
O, öz çıxşışında israilli brilyant milyarderi Dan Gertler-lə bağlı əhvalatları yada salıb.
Cənab Gertler hazırda ABŞ sanksiyaları altındadır. Millət vəklili bunu da xatırladıb ki, neftlə zəngin Anqolanın dövlət neft fondunun meneceri Jean-Claude Bastos Britaniyanın ofşor ərazilərində bir neçə məxfi balıqqulağı şirkətlərinə pullar yatırıb.
Bu adamların hər ikisinin adları Cənnət sənədlərində olsa da, onlar heç bir qanunsuz iş görmədiklərində israr edirlər.
Hodge deyib ki, Şimali Koreyanın Britaniyanın Virgin və Anguilla adalarından istifadə etməklə ABŞ sanksiyalarından yayınmasına dair "The Guardian" qəzetinin iddiaları narahatlıq doğurmaya bilməz.
Kölgə xarici işlər naziri Helen Goodman deyib ki, ofşorlardakı şirkətlərin həqiqi sahiblərinin adlarının ictimaiyyətdən gizlədilməsi yolverilməzdir.
Lakin hökumətin nümayəndəsi, xarici işlər nazirinin müavini Alan Duncan deyib ki, hökumət ofşor əraziləri şirkət sahiblərinin adlarının açıqlanmasına yalnız bu barədə qlobal qaydalar müəyyənləşəndən sonra məcbur edəcək.
O deyib ki, Avropa İttifaqının qaydaları hələ qlobal qayda sayılmamalıdır.
Millət vəkilləri habelə Cənnət sənədlərinin özəyini təşkil edən Appleby hüquq firmasının "The Guardian" və BBC-yə qarşı məhkəmə işi açmasını tənqid ediblər.
Kölgə maliyyə naziri Anneliese Dodds isə hökuməti "jurnalistləri, onları təkləyən Appleby-dən açıq şəkildə müdafiə etmədiyinə görə" tənqid edib.
Appleby iddia edir ki, onun sənədləri hakerlər tərəfindən oğurlanıb və onlardan heç birinin dərci ictimai maraqda olmayıb.
Firma hər iki media qurumunun cərimələnməsini və onlara gələcəkdə hər hansı sızmış sənədlərin dərcinin qadağan olunmasını tələb edir.
Bu ayın əvvəllərində isə Avropa Parlamenti həmin bu Appleby şirkətinin özünün vergidən yayınma əməllərində iştirakına dair cinayət işinə başlanmasını elan edib.