Rövşən Hacıbəyli
Hakimiyyət seçkiöncəsi seçicilərlə bazarlığa gedir, həm də ucuz bazarlığa
Növbədənkənar seçkiyə gedirik, bu addımın ağlabatan rəsmi izahı olmasa belə. Ancaq elə sərəncam verilən gün hakimiyyət komandasında, əslində, komanda birliyinin olmadığı üzə çıxdı. Prezidentin yaxın ətrafında olanlar belə gecə verilən növbədənkənar seçki sərəncamından jurnalistlərin bununla bağlı sualından sonra xəbər tutmuşdu...
Bu seçki qərarı Azərbaycanda növbəti dəfə seçiciyə dəyər verilmədiyini, onun alət, vasitə, həm də çox ucuz vasitə olduğunu ortaya qoydu. 2015-ci ildə manatın devalvasiyası ilə ona – seçiciyə çox ciddi zərbə vuruldu və o, bu zərbənin vurduğu yaranı özü sağaltmağa çalışdı. Bu işdə ona kimsə dayaq durmadı, bu gün guya onun səsi üçün qapısına gedənlər, onun sosial müdafiəsinin gücləndirilməsi üçün sərəncam verənlər belə. Çox təəssüf ki, o, özü də özünə dəyər vermir, ya da vermək istəmir; onsuz da yaxşı, xoş olmayan həyatı 2015-ci ildə manatın iki devalvasiyası, qiymətlərin kəskin artmasıyla alt-üst olsa da. Həmin ağır dönəmdə, banklarla olan kredit savaşında, hakimiyyət “silahsız” vətəndaşın yanında yox, hər cür “arsenal”a sahib bank səngərində dayandı.
Onda əhalinin sosial müdafiəyə daha çox ehtiyacı, banklarla çəkişmədə prezident qayğısına ümidi və nədənsə inamı vardı. Ancaq onda əhalinin qayğısına qalan olmadı. 5 fevrəl növbədənkənar seçki sərəncamından sonra verilən qərarların çoxu isə “əhalinin sosial müdafiəsinə” yönəlikdir; səs qazanmağa hədəflənmiş sərəncamlardır.
Bu ölkədə elə ötən il də həmin vətəndaşlar yaşayıb, ancaq keçən ilin fevralında onların sosial müdafiəsini gücləndirmək kimsəni ilgiləndirməyib. Statistikaya baxaq.
2017-ci ilin fevral ayı ərzində cəmi 49 prezident sərəncamı olub. Bunların içərisində əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bir sərəncam belə olmayıb. Modul tipli sutəmizləyici qurğuların 100 yaşayış məntəqəsində quraşdırılması ilə bağlı Ekologiya və Təbi Sərvətlər Nazirliyinə ayrılmış 16 milyon manatı nəzərə almasaq. Əslində, uzun illərdir bu sahəyə milyonlar ayrılır, sutəmizləyici qurğular quraşdırılır, bir müddət sonra hər şey əvvəlki axarına düşür, yəni əhali yenə içməli su sarıdan korluq çəkir, yenə lilli suyu özləri durultmalı olur, həmin qurğularsa işləmir...
Keçən ilin prezident sərəncamları arasında ən yaddaqalanı Mehriban Əliyevanın I vitse-prezident təyin olunmasıyla bağlı fevralın 21-də - manatın devalvasiyasının 1 illiyində - verilən sərəncamdır...
Bu ilin fevral ayının 26-na qədərsə 89 sərəncam verilib. Növbədənkənar prezident seçkisi elan olunan gündən – fevralın 5-dən isə 71 sərəncam verilib. Bu sərəncamların 17-si əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlikdir. Başqa sərəncamların da çoxu əhalinin səsini qazanmağa hesablanmış sərəncamlardır. Maraqlıdır, 1 il qabaq da, 2017-ci ilin fevralında da, manatın il ərzində ikinci dəfə 2015-ci ilin 21 dekabrında dəyərini itirməsindən sonra da əhalinin vəziyyəti ağır idi...
Heç 2018-ci ilin birinci ayında da əhali yada düşməyib. Məsələn, bu ilin yanvarında verilən 48 sərəncamdan yalnız ikisində diqqətçəkən məqam var:
“Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçiriləcək bir sıra tədbirlərin maddi təminatı haqqında sərəncamla (19 yanvar 2018) Qafqaz Müsəlmanları İdarəsinə 4,0 (dörd) milyon manat” ayrılıb. Bu ayırmanın məqsədi bəlkə də başqa olub, idarənin rəisi Allahşükür Paşazadənin növbədənkənar prezident seçkisilə bağlı mollalara müraciətində də həmin sərəncamın payı olmamış deyil.
Yanvar ayının başqa bir sərəncamı isə (17 yanvar 2017) “dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşlarının orta hesabla 2 dəfə artırılması”yla bağlıydı. Müəllimlər seçkidə əvəzini ödəyərlər, yəqin; həmişə olduğu kimi...
Pensiyaçıların, əlillərin, müharibə iştirakçılarının, tələbələrin aspirantların və başqa kateqoriyadan olan şəxslərin təqaüdü 10 faiz artırılıb. Bu artım 4-15 manat arasındadır.
Ən böyük artım prezident təqaüdçülərinindir. 2018-ci il yanvarın 1-i göstəricilərinə görə, ölkədə 23 min 82 nəfər prezident təqaüdçüsü var. Bu ilin sonuna qədər həmin təqaüdçülərə əlavə olaraq ümumilikdə 1 milyon 900 min manat ödəniləcək.
Maraqlısı isə budur ki, bütün bu artım sərəncamlarıyla bağlı işləri sahmana salmaq, prezident aktlarını sərəncama uyğunlaşdırmaq Artur müəllimə tapşırılıb.
“Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin”.
Bu tapşırıq bütün sərəncamlarda var. Artur müəllim ayları və təyinatları qarışdırmasa yaxşıdır...
...Hakimiyyət seçkiöncəsi seçicilərlə bazarlığa gedir, həm də ucuz bazarlığa.
Bazar olsun!