Xaliq Bahadır
"Ermənistanın Azərbaycandan qorxusu yoxdur: bizim Azərbaycana satdığımız hərbi texnika döyüşə yararsızdır", - bunu kim desə yaxşıdır? Konstantin Zatulin - Rusiya Dövlət dumasında MDB ölkələri üzrə komitə sədri, MDB ölkələri institutunun başqanı,bəlkə də, ən başlıcası, istər dumada, istərsə də MDB-də Putinin sağ əli. Demək, bu çıxış Zatulinin özündən deyil, Putindən gəlir. Görəsən, niyə? Axı, İ.Əliyev Putinin bütün istəklərini - milyonlarla, milyardlarla ölçülən istəklərini - bütünlüklə yerinə yetirir. Yaraq-sursat, ordu texnikası alınmasına gəlincə, tək elə 2013-cü ildə, seçki ilində, İ.Əliyev "hərbi texnika alınması" adı altında Putinin kassasına 5 milyard dollar pul ötürdü. İ.Əliyev indiyədək dönə-dönə Rusiyanı - qabaqca 30 min kv. km-lik Azərbaycan torpaqlarını ("Ermənistan"), ardınca Xocalı soyqırımını törətməklə, Ağdam boyda şəhəri Yer üzündən silməklə Qarabağı ayrıca 7 rayonla birlikdə alıb erməniyə verən bir dövləti! - "bizim strateji müttəfiqimiz" adlandırıb. Dönə-dönə! Biz də illərlə dönə-dönə yazmışıq: Əliyevlər Qarabağı neft-qazla birlikdə düşmən güclərə boyun olmaqla hakimiyətə qayıda biliblər. Uzun illərdən bəri ölkəni dağıda-dağıda hakimiyətdə duruş gətirə bilmələri faktı da belə bir nədənlə bağlıdır. Biz Rusiyanın PULSUZ olaraq ermənilərə yeni, çox güclü ordu texnikası verdiyini, Azərbaycana isə milyardlarla dollar dəyərində çıxdaş-yararsız texnika satdığını bilirdik, ancaq bunu doğrulamaqda çətinlik çəkirdik. Nəyə görəsə Putin özü Zatulinin diliiylə bu kriminal gizlinin üstünü açdı. Bəlli olduğu kimi, baş nazirin müavini Yaqub Eyyubovun Rusiyadan necə bir yeyinti-mənimsəmə yoluyla yaraq-sursat aldığından keçən il Avropa basınında olduqca ilginc bilgilər yayılmışdı. O bilgilərlə bağlı Y.Eyyubova, eləcə də işdə əli olan bir sıra başqalarına çoxdan cinayət işi açılmalı idi. Açılmadı. Nədən? Ortada bütöv bir korrupsiyaçı-kriminal komanda olduğundan! Ölkədə gerçək parlament olsaydı, birincisi, hakimiyət başında duranlardan kimsə bir belə - milyonlar, milyardlarla dollar dəyərində cinayətin altına girməzdi. İkinci, ölkədə gerçək parlament olsaydı, Zatulinin sözügedən çıxışı yayılan kimi deputatlar yığışıb prezidentin özünü parlamentə çağırar, sorğu-suala tutar, cinayətdə əli olanların cəzalandırılmasına çalışardılar. Bax, belə günlər üçün İ.Əliyev dəyərli kimsələri qapı arxasında qoymaqla yaltaq-yalaqlardan, əlaltı-lakeylərdən "parlament" düzəldib!
Bizi nə gözləyir?
Sözsüz, İ.Əliyevin dördüncü prezidentliyi (ən azı 7 il) Azərbaycanın daha çox batırılması, Azərbaycan xalqının daha çox yenilməsi dönəmi olacaq: yaxın-uzaq düşmən güclərin planlarına uyğun olaraq! Bir də istər Əliyevlərin, istərsə də onları hakimiyətə gətirən, illərlə onlara arxa duran yaxın-uzaq düşmən güclərin Azərbaycanı dəyişib başqalaşdırmaq planlarına uyğun olaraq, ölkəmizə erməni axını daha geniş xarakter alacaq. Azərbaycan coğrafiyası olan "Ermənistan"dan qanlı qırğın yoluyla Türklərin qovulması faktına (belə bir fakt üzündən “Ermənistan” monoetnik dövlətə çevrilib!) göz yuman yaxın-uzaq güclər əliyevçi multikulturalizm axarında erməniləri çoxaltmaqla Azərbaycanı yenidən erməni terroru, erməni separatizmi ilə üz-üzə qoymaq istəyirlər. Bəlli bilməliyik: "Böyük Ermənistan" yalnız erməni planı deyil, ermənilərlə birgə Türklüyə düşmən imperialist dövlətlərin planıdır. O planın uğurla gerçəkləşdirilməsi üçün erməniləri Bakı başda olmaqla Azərbaycana köçürmək, onları bir çağlar İrəvan bölgəsində, Qarabağda olduğu kimi yavaş-yavaş yetişdirməklə yeni separatizm-terrorizm ocaqları yaratmaq gərəkir! Biz bu yolu ALDADILMAQLA iki yol keçmişik: birincini 19-cu yüzillikdə (çar Rusiyası dönəmində), ikincini 20-ci yüzillikdə (sovet dönəmində). İndi, 21-ci yüzillikdə, - yeni kolonializm dönəmində - bir daha aldadılmaqdayıq. Belə getsə, biz iki yol üzləşdiklərimizlə üçüncü yol da üzləşəcəyik ... P.S. Azərbaycanın dövlət büdcəsindən milyonlar, milyardlar çıxarıb Rusiyada məktəb, uşaq baxçası, kilsə təmir-tikintisinə, Kislovodsk, Həştərxan kimi şəhərlərin yenidənqurulmasına yönəldənlər Azərbaycan xalqını bilərəkdən yoxsulluğa, yolsuzluğa uğradanlardır. Burada Azərbaycanın varlığına dözməyən, Azərbaycanı kiçiltdikcə kiçiltməyə çalışan bir düşmənlə açıq-açığına əməkdaşlıq var – yalnız hakimiyətini qorumağa yönəlik özümlü “strateji müttəfiqlik”!