AB rusiyalılara qarşı sanksiyaları uzadır

AB rusiyalılara qarşı sanksiyaları uzadır
12 Mart 2018
Mətni dəyiş

Avropa Birliyi martın 12-də 150 rusiyalı məmura və Rusiyanın dəstəklədiyi ukraynalı separatçıya sanksiyaları uzadıb.

Sanksiyalara hesabların dondurulması və viza qadağaları daxildir.

Altıaylıq uzadılma 38 quruma da aiddir.

“DURUMDA DƏYİŞİKLİK YOXDUR”

AB sanksiyaları ilk dəfə 2014-cü ildə Ukraynanın ərazi bütövlüyünü pozanlara tətbiq etmişdi. Həmin ilin martında Rusiya Ukraynanın Krım regionunu qanunsuz ilhaq edib. O vaxtdan sanksiyalar hər altı aydan bir uzadılır.

Sanksiya siyahısında Rusiyanın ABŞ-dakı səfiri Anatoly Antonov, baş nazirin müavini Dmitry Rogozin, silahlı qüvvələrin baş qərargah rəisi Valery Gerasimov və dövlət televiziyasının aparıcısı Dmitry Kiselyov-un adları var.

Siyahıya Krım rəsmilərindən bəzilərinin də adları salınıb.

Qurumlar siyahısında isə Ukraynanın şərqində və Krımda Rusiyanın dəstəklədiyi batalyonlar, eləcə də Krımdan şirkətlər var.

AB-nin bazar ertəsi yaydığı bəyanatda deyilir ki, “durumun dəyərləndirilməsi sanksiya rejimində dəyişikliyi əsaslandırmayıb”.

DİGƏR SANKSİYALAR DA UZADILACAQ

AB-nin Rusiyaya iqtisadi sanksiyaları iyulda yenilənəcək. Enerji və bank sektoruna aid həmin sanksiyalarla bağlı qərarın iyunun axırında, AB liderlərinin görüşündə verilməsi gözlənir.

AB Rusiyaya iqtisadi sanksiyaları 2014-cü ilin iyulundan, Ukrayna üzərində Malayziya sərnişin təyyarəsi vurulandan sonra qoyub. Təyyarədəki 298 nəfər həlak olmuşdu, Qərb bu hücuma görə rusiyapərəst silahlıları günahlandırmışdı.

AB Rusiyanın tutduğu Krıma sərmayələrə qadağaya da yenidən baxmalıdır.

2014-cü ildən – Ukraynanın şərqində münaqişə qızışandan burada 10 mindən çox adam öldürülüb.

2015-ci ildə Minskdə sülh sazişlərinin imzalanmasına, dəfələrlə atəşkəs elan olunmasına baxmayaraq, tərəflər bir-birini onu pozmaqda suçlayıb.

AB Krımın ilhaqına görə Rusiyaya fərdi sanksiyalar da tətbiq edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun