Almaniya hökuməti Azərbaycandan qaz nəqlinin təminatı məqsədilə dövlət müəssisəsinə (SOCAR) böyük həcmdə kreditin ayrılması üçün Almaniya bankına zəmanət vermək niyyətindədir.
Bu barədə Turan agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, martın 6-da AFR Maliyyə Nazirliyinin nümayəndəsi Yens Şpan bununla bağlı Bundestaqın Büdcə Komitəsinə məktub göndərib.
Kreditin həcmi 1,5 mlrd. dollar (1,2 mlrd. avro) təşkil edir.
"Bu qaz nəqli Avropa və Almaniyanın qaz təchizatının təminatına mühüm töhfə olmalıdır", Y.Şpanın məktubunda deyilir.
Hələ 2013-cü ildə E.on energetika konserni Azərbaycan ilə Xəzər dənizində yataqdan təbii qazın nəqlinə dair uzunmüddətli müqavilə bağlayıb. Saziş 2020-ci ildən 2044-cü ilədək olan dövrdə hər il Almaniya şirkətinin 1,45 mlrd. kubmetr "mavi yanacaq" almasını nəzərdə tutur.