ATƏT növbədənkənar prezident seçkilərinə 310 müşahidəçi göndərəcək

ATƏT növbədənkənar prezident seçkilərinə 310 müşahidəçi göndərəcək
5 Mart 2018
Mətni dəyiş

ATƏT Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün missiya göndərilməsini tövsiyə edib.

Bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) fevralın 21-22-də Bakıya səfərinin yekunları ilə bağlı hesabatında bildirilir.

Hesabat hakimiyyət nümayəndələri, parlament üzvləri, siyasi partiyalar, vətəndaş cəmiyyəti və mətbuat təmsilçiləri ilə görüşlər və danışıqların əsasında hazırlanıb.

Hesabatın rəy və tövsiyələr bölməsində deyilir ki, missiyanın Bakıda müzakirə apardığı şəxslərin əksəriyyəti DTİHB-nin növbədənkənar seçkilərlə bağlı monitorinqinin önəmli olduğunu qeyd ediblər.

DTİHB hesab edir ki, seçki qanunvericiliyinin reallaşması, seçki administrasiyasının effektivliyi və qərəzsizliyi, seçki kampaniyasının keçirilməsi, əsas azadlıqlara əməl olunması, seçkilərin KİV-də işıqlandırılması, səslərin hesablanması da daxil olmaqla, seçki prosedurunun idarə edilməsi kimi məsələlərə xüsusi diqqət yetirmək lazımdır.

DTİHB seçkiləri müşahidə etmək üçün ATƏT ölkələrindən 30 uzunmüddətli və 280 qısamüddətli müşahidəçi istəyəcək. Onlar ölkə boyunca seçki prosesini və seçkilərin özünü müşahidə edəcəklər.

Xatırlatma

2016-ci il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində qanunvericiliyə edilmiş dəyişikliklərə görə, Azərbaycan Prezidentinə növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti verilib.

2018-ci il fevralın 5-i prezident İlham Əliyev 11 aprel tarixində növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.

Müxalif Müsavat və Xalq Cəbhəsi partiyaları, Milli Şura seçkilərin antidemokratik şəraitdə keçirildiyini bildirirərək, ona qatılmaqdan imtina ediblər.

15-ə qədər partiya sədri, deputat və fərdi şəxs prezidentliyə namizədliklərini irəli sürüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun