Avropa Məhkəməsi bu gün İlqar Məmmədovla bağlı qərar verib.
Bu barədə həm onun vəkili Fuad Ağayev, həm də hüquq müdafiəçisi Rəsul Cəfərov Facebook səhifəsində status paylaşıb.
“ReAl sədri İlqar Məmmədovun ikinci işi üzrə Avropa Məhkəməsinin ötən ilin noyabrında çıxardığı qərar bu gün qəti hüquqi qüvvəyə minib və 3 ay ərzində icra edilməlidir. Həmin qərara əsasən, İlqar barəsində 7 il azadlıqdan məhrumetmə hökmü əsassız hesab edilib və onun ədalətli mühakimə hüququnun (Konvensiyanın 6-cı maddəsi) pozulması tanınıb.
Bu qərarla bağlı araşdırma aparmaq üçün həm İlqar Məmmədov, həm də hakimiyyət Böyük Palataya müraciət etmişdilər, İlqar 6-cı maddə ilə birgə 18-ci maddənin də pozuntusunun tanınmasını xahiş etmiş, hakimiyyət isə, ümumiyyətlə, 6-cı maddənin pozulmadığını iddia etmişdi. Məhkəmə müraciətlərin təmin edilməməsi barədə bu gün qərar çıxardığından 2017-ci ilin noyabr qərarı (ikinci iş üzrə) qətiləşdi. Bununla da İlqar Məmmədov barəsində azadlıqdan məhrumetmə hökmü ləğv edilməli, o, faktiki azadlığa buraxılmalı və ona 10.000 avro kompensasiya ödənilməlidir”- Rəsul Cəfərov yazır.
İlqar Məmmədov və Tofiq Yaqublu 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, T.Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
T.Yaqublu 2016-cı ildə əfvlə azadlığa buraxılıb.