Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin oğlu, Arif Rəhimovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Məhkəmə hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilib.
Prosesdə hökm oxunub. Məhkəmənin A.Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib.
Dövlət ittihamçısı çıxışında təqsirləndirilən A.Rəhimovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Ötən ilin sentyabrın 7-də, saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.
F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Qəzanın səbəbkarı olan A.Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Arifin (Rəhimov) oğludur. Hadisə A.Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verib. Məhkəmədə Q.Arif iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.