BMT martın 20-də Türkiyəni 2016-cı ilin uğursuz iyul çevrilişindən sonra tətbiq olunmuş fövqəladə vəziyyətə son qoymağa çağırıb.
Qurum bu vəziyyətin genişmiqyaslı insan haqları pozuntularıyla sonuclandığını desə də, Ankara çağırışı “qərəzli və qəbuledilməz” adlandırıb.
Qurumun insan haqları idarəsinin məlumatına görə, o vaxtdan prezident Recep Tayyip Erdogan-ın imzaladığı 20-dən çox sərəncam məhkumlara işgəncə verilməsi, cəzasızlıq və məhkəmənin işinə müdaxiləylə sonuclanıb.
“Türkiyə dərhal fövqəladə vəziyyəti bitirməli, institutların normal işləməsini, hüququn aliliyini bərpa etməlidir”, – idarə martın 20-də Cenevrədə yaydığı hesabatda bildirir.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Zeid Ra'ad al-Husseindeyib ki, son 18 ayda 160 minədək adam həbs olunub, 152 min məmur işdən çıxarılıb. Bu halların əksəriyyəti qanunsuz baş verib. Komissar rəqəmləri “sarsıdıcı” adlandırıb.
Türkiyə hökuməti uğursuz çevriliş cəhdinə görə ABŞ-da yaşayan dinşünas Fethullah Gulen-i ittiham edir. Gulen isə bu iddiaları danır.
Çevriliş cəhdi zamanı 250 nəfər öldürülüb.
28 səhifəlik hesabatda həbsdə təhlükəsizlik qüvvələri və hərbçilərin yol verdiyi işgəncə və pis rəftar, bərk döyülmələr, seksual hücum, elektroşok, suda boğma halları sənədləşdirilib.
Türkiyənin Xarici İşlər Nazirliyi isə hesabatı “qərəzli” və “qəbuledilməz” adlandırıb.
Nazirlik bəyanatında bildirir ki, hesabatda “təhrif olunmuş, qərəzli və saxta informasiya” yer alıb və “Türkiyə üçün qəbuledilməzdir”.