Britaniyanın baş naziri Theresa May parlamentdə bəyan edib ki, Sergey Skripal və qızı Rusiyada istehsal edilən maddə ilə zəhərlənib.
Böyük Britaniya baş naziri bazar ertəsi, martın 12-də Londonda milli təhlükəsizlik şurasının iclasını keçirib. Iclasda hökumət nazirləri, kəşfiyyat və hərbu qurumların rəhbərləri Sergey Skripal-ın zəhərlənməsi ilə bağlı araşdırmanın nəticələrini müzakirə edib.
Baş nazirin sözlərinə görə, maddənin adı “Noviçok” olub.
“Aydındır ki, Sergey Skripal və qızına qarşı həyata keçirilənlərə görə Rusiya məsuliyyət daşıyır”, - deyə o bildirib.
Theresa May bəyan edib ki, Rusiyaya baş verənlərlə bağlı izahat təqdim etmək üçün çərşənbə axşamına qədər vaxt verir.
Əgər Rusiya tərəfdən inamdırıcı cavab gəlməsə, Skripal-ın zəhərlənməsi Rusiya dövlətinin Böyük Britaniya ərazisində qanunsuz güc istifadəsi kimi qəbul ediləcək.
Rusiya XİN-i bəyan edib ki, Britaniya baş nazirinin ittihamı “növbəti siyasi informasiya kampaniyasıdır”.