Xaliq Bahadır
Planımızda bir də Qalaya getmək vardı. Oradakı muzeyi görmək istəyirdik. Muzeyin adı belədir: “Qala arxeoloji etnoqrafik muzey kompleksi”. Buralar Yanardağ kimi boşuna pul qoparılan yer deyil; arxeoloji tapıntılardan muzey yaradılıb, turizm baxımından ilgi çəkən bir sıra işlər görülüb. Yenə başdan başlayaq. Burada da sizi birnci qarşılayan polislərdir. Bunu anlamaq olar: Kompleksdə qorunası nələrsə var: arxeoloji tapıntılardan tutmuş dovşana, ata, dəvəyədək. Biletin qiyməti, görünür, Mədəniyət-turizm nazirliyinnn qoyduğu yasaya bağlıdır: Azərbaycan yurddaşları üçün 2 manat, gəlmələr üçün 4 manat. Gəlmələrlə işimiz yox, Azərbaycan yurddaşları üçün indiki sosial-ekonomik durum baxımından 2 manat çoxdur. İstər Qobustan olsun, istər Yanardağ, istərsə də gəldiyimiz Qala Kompleksi – Azərbaycan yurddaşları belə yerlərə, gördüyümüz kimi, daha çox ailəylə gəlirlər. Bu isə, deyildiyi kimi, indiki sosial-ekonomik durumda istər-istəməz ailəyə çətinlik yaradır. Əliyevlərin qurduqları, uzun illərdən bəri başında durduqları korrupsiya rejimində kimsə bu çətinliyi anlamaz. Gerçək dövlət, dövlətçilik olan yerdə bu sayaq sorunlar gözdən qaçırıla bilməz. Hansı baxımdan? Yurddaşlara yurdsevərlik aşılanması baxımından! Ancaq, korrupsiya dövlətçiliyindən yurddaşlara belə varlanma obyekti olaraq baxıldığından Azərbaycanın harası olur olsun, getdiyimiz yerlərdə biz ölkəmiz kimi özümüzü də yalnız İŞĞAL obyekti olaraq görə bilirik: ölkə boyu hara gersək, harda olsaq, soyğunçuluqla üzləşirik . Belə bir dövlətdə yurdsevərliklə, Vətəni, Dövləti sevməklə bağlı yalnız rejim əlaltıları olaraq televiziyalara yolu açıq kommersiya-korrupsiya adamları danışa bilərlər. Vətən, Dövlət sevgisi isə bütünlüklə bir ailənin, bir rejimin yararına işləyən televiziyalardan başlamır, yaşam gerçəklərindən başlanır! Muzeyi gəzirik. Bir-birindən ilginc tapıntılarla qarşılaşırıq. Çox gözəl. Gəzə-gəzə gəlib muzeyin, belə desək, canlılar bölümünə çıxırıq: 1 at, çoxlu dovşan, 8 dəvə, bir də hələ ayaq üstə yaxşı dayana bilməyən yeni doğulmuş... ağ dəvə balası (bəlli olduğu kimi, ağ dəvə çox az-az olur). Birinci görüşümüz atla olur. Hələ atın saxlandığı yerdən aralıda adamı çox pis iy vurur. Yaxınlaşıb baxırıq. Baxımsızlıq üzündən atın üstü-başı bütün bulaşıq içindədir. Dovşanların saxlandığı yerə də iydən yaxın getməli deyil. Dovşanlar da baxımsızlıq üzündən qulaqlarınadək bulaşıq içindədir. Onlara yaxınlıqdakı otluqdan bir az ot yolub veririk. Sabirabaddakı, Bakıdakı Novruz bayramlığında olduğu kimi, burada da ac xalq təki ac dovşanlar azacıq ot qırıntısı əldə etmək üçün bir-birinin başına tullanır, belinə minir, çığır-bağır salır, bir sözlə, dəlicəsinə görsəniş sərgiləyirlər. Görünən nədir: korrupsiya-repressiya rejimi bu ölkədə xalqı dovşanların, dovşanları xalqın gününə qoyub! Dəvələrin saxlandığı yerə sarı yönələndə də eləcə, uzaqdan adamı kəskin iy vurur. 8 dəvə (yeni doğan balasıyla birgə ayrı saxlanır) bulaşıq içində iy verə-verə durur. Dövləti dövlətçilik düşüncəsi olmayanların ələ keçirdiyi ölkədə təkcə xalqa deyil, irili-xırdalı heyvanlara da yalnız qazanc-varlanma obyekti olaraq baxılır. Buradakı at da, dovşanlar da, dəvələr də daha az itkiylə daha çox qazanc əldə etmək güdüyü ilə yağmalanır – Azərbaycan ölkəsi, Azərbaycan xalqı yağmalandığı kimi! Əliyevçi hakimiyət yetkililərinin yağıcasına yanaşdıqları Avropada ayrıca “donuz qanunu” var. O qanuna görə, donuz saxlayanlar donuzun saxlandığı yerin bulaşıq olmasından dolayı sorumluluq daşıyır, bua görə onlara cəza uyğulanır. Avropalılar gəlib Qalada dövlət adına yaman gündə saxlanan o atı, o dovşanları, o dəvələri görsələr, eləcə tüpürüb gedərlər... Sözsüz, pis baxılmaqdan, daha doğrusu, baxımsızlıq üzündən dəvələrdən ikisinə qotur düşüb. Birinin boynunun tükü bütünlüklə tökülüb, başqasında yeni başlayıb. Dəvəyə baxan adama bunu anlatmaq istədim, anlada bilmədim. Dəvə olduqca duyğusal canlıdır. Bəlkə də, buna görə bütün dördayaqlılar başla, dəvə nəfərlə sayılır: dəvəçilər üç baş, beş baş dəvə deməzlər – üç nəfər, beş nəfər dəvə deyərlər. Bu baxımdan Qala muzey kompleksində, dünyaya yenicə göz açan köşəyi çıxmaqla, 8 nəfər dəvə var. Bir də ortada başı nəfərdən, nəfəri başdan ayırırıb dəyərləndirmək dəyərindən uzaq bir dövlət, dövlətçilik var! Aysberqin o biri üzü Bilirsizmi sözü gedən turuzm obyektlərində işləyənlərin aylığı neçə manatdır? Bilin: 128 manat! Yaşayış minimunun 130 manat olduğu ölkədə 128 manat aylıq adamların mənliyini tapdayan, sürünənə çevirən DÖVLƏT CİNAYƏTİDİR! Bu gün Bakı yenə bütün xalqımızı alçatmağa yönəlik “Formula-1” blokadası içindədir. Kimlərinsə azğın kefləri üçün milyonlar töküb “Formula-1” qurğuları qururlar. Sonra da milyonlar töküb onları söküb harasa daşıyacaq, gələn il gətirib yenidən quraşdıracaqlar. Yoxsulluq üzündən ayda 30-40 adamın özünü öldürdüyü ölkədə bu sayaq idman yarışları üçün milyonlarla pul tökmək gerçəkdən bütün xalqı alçaltmaq deməkdir. 280 manat işıqpulu borcuna görə gənc şəhid anasının özünü öldürmək qaçılmazlığı ilə üzləşdiyi ölkədə dövlət büdcəsini indiki kimi sağa-sola səpələməyin bir adı var: dövlət cinayəti! Bugünkü Azərbaycanda bir uşağın doğum evindəki pullu doğuluşundan ta baxçaya, aşağı, yuxarı oxula gedib, sonra işə düzəldiyi (hamısı rüşvətlə!) çağadək baş verənləri gözə almaqla bizim Vətənsiz, Dövlətsiz olduğumuz fakt olaraq ortaya çıxır! Vətən bizim yalnız gərəkirkən yolunda baş qoyacağımız yer deyil, eləcə də bizi sonunadək barındıracaq bir yerdir. Dövlət bizə - yurddaşlara - qurbanlıq quzu kimi baxacaq qurum deyil, bizi donatmağa, gərəyincə yaşatmağa borclu bir qurumdur. Dövlətlə yurddaş arasında yazılmamış qarşılıqlı öhdəlik var: yurddaş dövləti, dövlət yurddaşı sevib qorumalıdır. Bizdə uzun illərdən bəri dövlət hakimiyətini ələ keçirmiş İŞĞALÇI bir qrupa görə, yurddaş dövləti qarşılıqsız olaraq sevməyə, qarşılıqsız olaraq qorumağa borcludur. Bu isə dünyada ANALOQU olmayan bir görsəniş – antidövlət görsənişidir! P.S. Kiçicik bir fakt. M.Saakaşvilinin iki beş ildə rüşvətin-korrupsiyanın kökünü kəsdiyi qonşu Gürcüstanda uşaqlar üçün bütün əyləncə yerləri pulsuzdur. Bizdə 25 manata satılan kimlik-yurddaşlıq kartı – Gürcüstanda yurddaşlara pulsuz verilir. Gürsüstan kimi doğal resurslardan yoxsul ölkədə HAKİMİYƏTİN DÜZGÜNLÜYÜ nədənilə xalq bizdəkindən qat-qat yaxşı yaşayır. Bizdə hələ pulun nə olduğunu bilməyən uşaqlar ANTİMİLLİ rejim cinayətləri üzündən min manat borcla doğulur...