"Bu Forum artıq 6-cı dəfədir ki, keçirilir, nüfuzlu beynəlxalq platformaya çevrilib. Əminəm ki, Forumda beynəlxalq gündəliyin ən aktual məsələləri müzakirə edəcəyik, sabitliyi təmin etmək üçün təşəbbüslər irəli sürəcəyik".
APA-nın xəbərinə görə, bunu bu gün, martın 15-də Azərbaycan prezidenti İlham Əliyev "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Bakıda beynəlxalq tədbirlərin tez-tez keçirildiyini xatırladan dövlət başçısı vurğulayıb ki, belə tədbirlərdə müxtəlif millətlərin nümayəndələri, müxtəlif fikirli insanlar bir araya gəlir:
"2008-ci ildən başlayan Bakı prosesi çox mühüm prosesdir. Bakı prosesi çərçivəsində xalqlar və dövlətlər arasında anlaşma yaranması üçün böyük işlər görülür".
Çıxışında Qarabağ münaqişəsinə toxunan İ.Əliyev Azərbaycan ərazilərinin işğalından bəhs edib:
"Ermənistan qoşunları dərhal işğal olunmuş torpaqlardan çıxmalı, azərbaycanlılar o torpaqlara qayıtmalıdır".
"Cümhuriyyətin qurucuları ilə fəxr edirik"
Dövlət başçısı deyib ki, Azərbaycanın ərazilərinin işğalına baxmayaraq, ölkə uğurla inkişaf edir. Onun iddiasına görə, ölkədə yoxsulluq və işsizlik çox aşağı səviyyədədir.
Prezident Azərbaycanın adambaşına düşən sərmayələrə görə də aparıcı yerdə olduğunu söyləyib:
"Son 10 ildə Azərbaycana 230 milyard dollar sərmayə yatırılıb. Biz nəinki öz ölkəmizə, region ölkələrinə də sərmayə yatırırıq".
Dövlət başçısı Forumda xatırladıb ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd ediləcək:
"İlk dəfə Şərqdə Azərbaycan xalqı 100 il əvvəl demokratik cəmiyyət quruculuğunu həyata keçirib. İlk dəfə Şərqdə qadınların səsvermə hüququ təmin edilib və bir çox Avropa ölkələrindən əvvəl qadınlara səs hüququ verilib. Ancaq təəssüf ki, iki il sonra Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyulub. Müstəqilliyi qorumaq qazanmaqdan daha çətindir. Bu gün Cümhuriyyətin qurucuları Azərbaycanı görsələr, fəxr edərdilər. Biz də Cümhuriyyətin qurucuları ilə fəxr edirik".
"Dağlıq Qarabağ da Azərbaycanın qanayan yarasıdır"
Forumda Türkiyə baş naziri Binəli Yıldırım da çıxış edib. O deyib ki, Türkiyə 3 milyondan çox suriyalı qaçqına ev sahibliyi edir. Ancaq dünya bu böhranı aradan qaldıra bilmir.
Türkiyənin baş naziri Qarabağ münaqişəsindən də danışıb:
"Dağlıq Qarabağ da Azərbaycanın qanayan yarasıdır. Azərbaycanın 20 faiz torpaqları işğal olunub, 1 milyondan çox insanı qaçqın və məcburi köçkün düşüb. İnanıram ki, gec-tez haqq yerini tapacaq, yanlışlığa yol verənlər cavablarını alacaqlar".
Mehriban Əliyeva mükafat alıb
Forumda həmçinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Nizami Gəncəvi Beynəlxalq Mükafatı təqdim edilib. Ona bu mükafatın təhsil və mədəniyyət sahəsində xidmətlərinə görə verildiyi qeyd edilib.
Bu gün, martın 15-də "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması" mövzusunda VI Qlobal Bakı Forumu başlayıb.
Üç gün davam edəcək bu tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndənin qatıldığı bildirilir.
Qlobal Bakı Forumu 2013-cü ildən fəaliyyətə başlayıb. Forumun təşkilatçısı Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir.