Rusiya Liberal-Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Vladimir Jirinovski keçirdiyi mətbuat konfransında azərbaycanlı jurnalist Anna Usanovanın suallarına cavab verib.
Jurnalist Azərbaycanda 11 aprel növbədənkənar prezident seçkilərini xatırladaraq sual edib ki, artıq rəsmi Bakı qərbdən təzyiqlərlə üzləşir. Qərb bu təzyiqlər zamanı hansı siyasi texnologiyalardan istifadə edir?
Vladimir Jirinovski: "Hakimiyyət dəyişməlidir. Baltikyanı respublikalar istisna olmaqla, bütün MDB ölkələrinin əksəriyyətində 30-40 ildir hakimiyyətlər dəyişmir, belə olmaz axı. Standartlara keçmək lazımdır, iki müddətdən artıq prezident olmağa ehtiyac yoxdur, üçüncü müddət olmamalıdır. Eyni zamanda, 5 il müddət, bu prezidentə də, qubernatora da, şəhər merinə də aiddir. Yalnız bu satandart olsa, korrupsiyanın qarşısını almaq olar”.
“Rusiyada müxtəlif millətlərin diaspor təşkilatları fəaliyyət göstərir, o cümlədən, azərbaycanlıların. Siz onların dəstəyini nəzərə alırsınızmı” sualına partiya sədrinin cavabı belə olub:
“Biz Rusiyada səsi olan bütün vətəndaşların səsinə ehtiyac hiss edirik. Amma biz əsasən rus xalqının səsini vacib sayırıq. Biz bütün millətlərin yaxşı yaşamasını istəyirik. Azərbaycanlıların müstəqil dövləti var və harda istəsələr, yaşaya bilirlər. Amma rus xalqı barədə bunu demək olmaz. Onları Ukraynadan, Baltikyanı respublikalardan, Orta Asiyadan, Qazaxıstandan çıxarırlar”.
Rusiyada prezident seçkiləri martın 18-də, Azərbaycanda isə aprelin 11-də keçiriləcək.