"Ukrayna hakimiyyətini jurnalist Fikrət Hüseynlinin sənədlərini dərhal qaytarmağa və onun bu ölkənin ərazisini tərk etməsinə icazə verməyə, Ukraynada jurnalistin təqibə məruz qalmasında təqsirli olan şəxsləri tapmağa və cəzalandırmağa çağırırıq".
Bu barədə Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin bəyanatında deyilir.
Təşkilatın əməkdaşı Nina Oqnyanovanın adından bəyanatda deyilir ki, Ukrayna prokurorluğu və Azərbaycan XİN JMK-nin siyasi mühacir olan və Niderland vətəndaşlığı olan Hüseynlinin işi üzrə sorğusuna cavab verməyib.
Hüseynli 2017-ci il oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Azərbaycanın İnterpol xətti ilə verdiyi sorğu əsasında saxlanılıb. Azərbaycanda onu fırıldaqçılıqda və sərhədi qanunsuz keçməkdə ittiham edirlər.
Oktyabrın 18-də Ukraynanın Borispol şəhər Məhkəməsi onu Azərbaycana ekstradisiyası
məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.
Hüseynli ittihamları təkzib edib və ona qarşı cinayət işini siyasi sifariş adlandırıb.
Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə Hüseynlini azad edib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.
Kiyev prokurorluğu Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib.
Etirazla bağlı məhkəmə təhqiqatı yanvarın 17-də başlayıb, amma dörd dəfə təxirə salınıb. Nəhayət, fevralın 13-də məhkəmə ekstradisiyadan imtina edib.
Bu həftə Hüseynlini Kiyevdə müvəqqəti olaraq qaldığı mənzildə saxlamaq cəhdi olub, amma o, qaçmağa müvəffəq olub. Jurnalist əmindir ki, onu qaçırıb Azərbaycan hakimiyyətinə təhvil vermək istəyirlər.