"Britaniya Rusiya ilə əlaqələri donduracaq".
Abzas.net xəbər verir ki, bunu Britaniyanın baş naziri Theresa May parlamentdə çıxışı zamanı deyib.
May bildirib ki, Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal-ın və qızının zəhərləndirilməsi Birləşmiş Krallığa qarşı qanunsuz güc tətbiqi kimi qiymətləndirilir.
Baş nazir bu hadisənin Kremlin Avropada gerçəkləşdirdiyi növbəti cinayət olduğunu bildirib.
"Skripal-ın zəhərlənməsi Britaniyaya qarşı törədilmiş cinayətdir. Biz Britaniyanın təhlükəsizliyini qorumalıyıq. Yaxın 1 həftə ərzində 23 rusiyalı diplomat Britaniyadan çıxarılaraq geri göndəriləcək", -deyə, baş nazir bildirib.
Bundan əlavə, Britaniyanın Moskvayla bütün əlaqələri dayandıracağı bildirilib:
"London Kreml ilə olan bütün əlaqələri dayanadıracaq. Rusiyanın XİN rəhbəri Sergey Lavrov-un Britaniyaya rəsmi dəvəti ləğv edilir. Britaniya kral ailəsinin nümayəndələri və nazirlər isə Rusiyada keçiriləcək futbol üzrə DÇ-2018-i boykot edəcək."
May bildirib ki, Britaniya öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün addımları atmağa hazırdır:
"Çox təəssüf ki, Putin məhz belə addımlar atmağa qərar verib. Lakin biz Britaniya vətəndaşlarının həyatına olan təhlükələrə göz yummayacayıq".
Theresa May Avropa Şurası və NATO-nun verdiyi dəstəyə onlara təşəkkür edib və qeyd edib ki, bu yalnız insan öldürməyə yönəlmiş addım deyil, bu həm də, kimyəvi silahların istifadəsinə olan qadağanın göz ardına vurulmasıdır.
Xatırlatma
Martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya Solsberidə ticarət mərkəzinin yaxınlığında huşsuz vəziyyətdə tapılıb. Onların Rusiyada hərbi məqsədlər üçün hazırlanan "noviçok" adlı maddə ilə zəhərləndiyi müəyyən edilib.
Bu hadisədə xəsarət alanların sayı, təxminən, 21 nəfərdir. Onların arasında yerinə ilk çatan polis zabiti Nick Baili də var.
Britaniya hakimiyyəti Skripal-ın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.
Baş nazir Theresa May hadisəyə görə Rusiya rəhbərliyini ittiham edib.
Rusiya tərəfi hadisə ilə bağlı heç bir istintaq başlatmayacağını, lakin Britaniyanın apardığı istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.