Mərkəzi Seçki Komisiyasının (MSK) sədri Məzahir Pənahov sosial şəbəkələrdəki təhqir xarakterli çıxışlara münasibət bildirib.
MSK sədri sosial şəbəkələrdə təhqir xarakterli materialların yerləşdirilməsinə etirazını bildirib:
“Bəzi mərkəzlər bununla bağlı iş aparır. Bizi narahat edən budur. Sosial şəbəkələri kimsə qadağan edə bilməz, ona görə də Azərbaycan ictimaiyyətini maarifləndirmək lazımdır. Tərbiyəsiz hərəkət edən insanları sosial şəbəkələrdən təcrid etmək lazımdır. Həmin videolara da xeyli baxış sayı olur, amma, bu, o demək deyil ki, onu dəstəkləyirlər. Çalışmalıyıq, əhalini ayıq saxlayaq ki, nəticə çıxara bilsinlər. Pis cəhət ondan ibarətdir ki, həmin məsələlərə münasibət bildirdikdə daha da populyarlaşır. Ölkənin təhlükəsizliyi önə çıxırsa, dərhal tədbir görülməlidir”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz vətəndaşların sosial şəbəkələrdə azad olduğunu xatırladaraq bildirib ki, hansısa məmurun, yaxud dövlət qurumunun qanunvericilikdə nəzərdə tutulmayan müdaxiləsi mümkün deyil:
“Bəli, son dövrlərdə internetin tənzimlənməsi ilə bağlı müəyyən addımlar atılıb. Ayrı-ayrı internet resurların bloklanması, bağlanması və bəzi məhkəmə çəkişmələrini bu sıraya daxil etmək olar. Məsələn, çap, elektron KİV-də və ya sosial şəbəkələrdə kimisə təhqir etməyin hüquqi statusları bərabərləşdirilib. O cümlədən, “İnformasiya, informasiyasızlaşma və informasiyanın mühafizəsi haqda” qanununda dəyişikliklər oldu və bu sənədlərə saytların nə zaman bağlanması barədə bəndlər daxil edildi. Amma kiminsə sosial şəbəkədə söyüş söyməsini əsas gətirib, onun səhifəsini bağlamaq qanunvericilikdə nəzərdə tutulmayıb və bunun mexanizmi də yoxdur. Ən nəhayət, bu, Azərbaycan qanunvericiliyinə zidd addımdır”.
Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, sosial şəbəkələrdə müxtəlif tərbiyəyə malik insanların olması artıq reallıqdır:
“Küçədə getdiyin zaman söyüş söyən insanın olduğu kimi, sosial mediada da buna rastlaşmaq mümkündür. Çünki gerçək həyatda nə varsa, virtual mühitdə də həmin insanlar ola bilir. Düşünmürəm ki, sosial media nəyisə təşviq edə bilir, əksinə, fərqli davranışı, baxışları, etikanı daha geniş nümayiş etdirir. Əlbəttə, qeyri-etik videoların geniş paylaşımı məqbul deyil və bu, davam edirsə, mədəniyyətin aşılanması ilə nəticələnər. Bu gedişat həm də sosial medianın effektivliyinə kölgə salar. Ona görə belə yanaşmalar qınanmalıdır”.
Hüquqşünas MSK sədrinin hesab etdiyi kimi təcridə yox, ictimai qınağa üstünlük verir:
“Xaricdə yaşayan hər bir şəxs hesab açır və həmin ölkənin standartlarına uyğun yayımla məşğul olur. Bəli, sosial şəbəkələrin də müəyyən davranış standartları var, əgər kimsə həddi aşıbsa, şikayət olunur və yaxud material bloklanır. Kimlərsə narahat olubsa, bu imkanlardan istifadə edə bilər”.