"Müsəlman Birliyi" hərəkatı da Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkisini boykot etmək qərarı verib.
Bu barədə martın 26-da Siyasi Məhbus Ailələrini Koordinasiya Mərkəzinin toplantısında Hərəkatın təmsilçiləri məlumat verib.
"Təəssüf ki, hələ də ölkəmizdə ədalətli məhkəmə, şəffaf seçki sistemi yoxdur. İllərdir ki, bu millət ədalətsiz məhkəmələrdən, saxta seçkilərdən, haqsız həbslərdən əziyyət çəkir. Əlbəttə, bütün bunlar heç bir halda, zülmlə barışmağımıza səbəb olmamalıdır.
Növbədənkənar seçkinin əvvəlkilər kimi formal xarakter daşıyacağını nəzərə alıb, təşkilat olaraq onu boykot edirik", – hərəkatın İdarə Heyətinin həbsdə olan üzvləri boykot qərarı ilə bağlı bəyanatında belə yazıb.
2015-ci il noyabrında güc orqanları Bakının Nardaran qəsəbəsində keçirdiyi xüsusi əməliyyatda «Müsəlman Birliyi Hərəkatı»nın sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Onlara bir sıra ağır ittihamlar irəli sürülüb, uzunmüddətli həbs cəzaları kəsilib.
“TƏZYİQLƏR BAŞLAYIB”
Toplantıda Məhbus Ailələrini Koordinasiya Mərkəzinin üzvü Zəfər Əhmədli bildirib ki, Milli Şuranın martın 31-nə təyin etdiyi mitinq öncəsi təzyiqlər başlayıb: "Hər dəfə mitinq öncəsi bu cür hallar yaşanır. Cəmiyyətdə xof yaratmamaqdan ötrü mitinqin təşkilatçıları bir sıra faktları açıqlamır. Bu gün də səhərdən xoşagəlməz xəbərlər alırıq".
Hüquq müdafiəçisi Oqtay Gülalıyev məlumat verib ki, Siyasi Məhbusları Müdafiə Mərkəzinin hazırladığı siyahıda 160 nəfərdən çox adamın adı var, onların da 100-ə yaxını dindar kəsimin nümayəndələridir: "Nardaran hadisələri ilə əlaqədar 200-ə qədər adam həbs olunmuşdu. Onlardan bir qisminə inzibati həbs cəzası verildi, 82 nəfərə cinayət işi açıldı. Bu gün də onların 60-dan çoxu həbsdədir. Bir çox dindarlar var ki, axtarışa verildiyinə görə ev-eşiyindən didərgin düşüb".
Aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisini əsas müxalifət partiyaları boykot edib, ölkədə demokratik seçki üçün şərait olmadığını bildiriblər. Hakimiyyət təmsilçiləri isə bu fikirlə razı deyillər. Hakimiyyət “siyasi məhbus” ifadəsini də qəbul etmir, fərdlərin konkret cinayətlərə görə cəza çəkdiyini bildirir.
Toplantıda son günlərin əsas müzakirə mövzularından olan mübarizədə etik sərhədlər məsələsinə də toxunulub. O.Gülalıyev deyir ki, hakimiyyət əks tərəfdən etik çərçivədə mübarizə tələb edir, amma bu qaydanı da ən çox özü pozur: "Adamın evinə hücum edib, gülləbaran eləmək, özlərini tutub aparıb ağlasığmaz işgəncə vermək, uzunmüddətli həbsə məhkum eləmək etik hərəkətdi? Adamların yaxınlarını şərləyib həbsə salmaqla ondan imtinaya məcbur eləməyin adı etik mübarizədirmi?"
O.Gülalıyev söyləyib ki, siyasi mühacirlərin yaxınlarına qarşı təzyiqlərlə bağlı hesabat hazırlanıb, yaxın günlərdə açıqlanacaq.
Hollandiyada yaşayan mühacir Orduxan Temirxanın bacıları və digər yaxınlarının polis idarəsinə aparılması yada salınıb.
Toplantı iştirakçıları siyasi məhbusların müdafiəsilə bağlı koalisiyanın genişləndirilməsi haqda təkliflər irəli sürüblər.