Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Müsəlman Birliyi" Hərəkatının koordinatoru Əhsən Nuruzadənin növbəti məhkəmə iclası keçirilib.
Abzas.net xəbər verir ki, məhkəmə hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilib.
Son sözlə çıxış edən Əhsən Nuruzadə ona qarşı irəli sürülən ittiahamları rədd edib və günahsız olduğunu bildirib. O, həbsinin əsl səbəbləri kimi, Taleh Bağırovun tərəfdarı olmasını, günahsız həbs edilən inanclı insanların, o cümlədən Nardaran məhbuslarının ailələrinə toplaşaraq maddi və mənəvi yardım göstərmələrini, həmçinin Milli Şuranın etiraz aksiyalarında fəal iştirakını göstərib.
Məhkəmədə hökm oxunub. Məhkəmənin qərarı ilə Əhsən Nuruzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırlatma
Oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Əhsən Nuruzadəni həbs edib. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.
Dindar fəal ittihamı rədd edir, narkotikin cibinə idarədə, polis tərəfindən qoyulduğunu bildirir.
Ə.Nuruzadə bundan öncə də iki dəfə – 19 yanvar və 24 sentyabrda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını, hər dəfəsində də ona 10 sutka inzibati həbs cəzasının verildiyini bildirib. Hər iki məhkəmə qərarında da inzibati həbsin səbəbi eyni göstərilib – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söymək, onu intizama dəvət edən polislərə tabe olmamaq.
Prokuror Əhsən Nuruzadəyə 8 il həbs verilməsini istəmişdi.