Nardaran məhbuslarının müdafiəsi ilə bağlı tədbirdə “Müsəlman Birliyi” Hərəkatının Azərbaycanda keçiriləcək prezident seçkilərini boykot qərarını elan etmiş fəal Xaliq Siyabov bir gün sonra - martın 27-də saxlanılıb.
Daha çox “Seyid” kimi tanınan X.Siyabov günorta evdən çıxıb və az sonra hərəkatın başqa bir üzvünə telefon vasitəsilə tutulduğunu bildirib.
Bu barədə Meydan.TV-ni məlumatlandıran hərəkat üzvləri bildirib ki, gün ərzində onun yeri barədə heç bir xəbər ala bilməyiblər. Yalnız axşam saat 21 radələrində X.Siyabov buraxılandan sonra məlum olub ki, o, DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“Bandotdel” kimi tanınır) saxlanılırmış:
“Seyidi “banditizm”də döyüblər, işgəncə veriblər. Açıq şəkildə deyiblər ki, martın 26-da keçirilən tədbirə görə saxlanılıb. Xəbərdarlıq da ediblər ki, əgər bir daha belə tədbir keçirilsə, nəticə çox pis olacaq, hətta qadınlarımız da həbs ediləcək”.
“Müsəlman Birliyi”nin üzvləri baş verənləri, o cümlədən X.Siyabova deyilənləri nəzərə alaraq, prezident seçkisindən sonra kütləvi həbslər olacağını ehtimal edir: “Hesab edirik ki, Seyidin özünü də müvəqqəti buraxıblar”.
X.Siyabov 2017-ci il dekabrın 20-də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanmışdı.
X.Siyabovun saxlanması barədə məlumatlara nə o zaman, nə də bu dəfə rəsmi münasibət bildirilib.
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə bir müddət öncə Nardaranda 2015-ci il noyabrın 26-da keçirilən polis əməliyyatında və ondan sonra həbs olunanların hüquqlarının müdafiəsi, orada baş verənlərin mahiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması, ümumiyyətlə, siyasi məhbusların problemlərinin müzakirəsi məqsədilə koalisiya yaradılması təklifi ilə çıxış etmişdi. Təklif olunurdu ki, Xocalı soyqırımına görə fevralın 26-sı istisna olmaqla, digər ayların 26-sı məhbus ailələri bir araya gəlsinlər.