Mustafa Hacıbəyli polisə aparılıb

Mustafa Hacıbəyli polisə aparılıb
6 Mart 2018
Mətni dəyiş

Martın 6-da günorta saatlarında Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri, Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli polisə aparılıb.

Bu barədə Müsavat Partiyasının İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

Bildirilir ki, Mustafa Hacıbəyli Müsavatın qərargahından aparılıb, aparan şəxslər isə mülki geyimdə olublar.

M.Hacıbəyli özü bir neçə saat əvvəl polisə çağırıldığı barədə məlumat vermişdi. Partiyadan bildiriblər ki, o deyilən saatda polisə gedəcəkdi.

"Görünür onlar gözləyə bilməyiblər və gəlib özləri aparıblar", - məlumatda bildirilib.

Eyni zamanda Müsavat Partiyasının rayon təşkilatlarının sədrləri də polisə çağırılıblar.

Partiyadan bildiriblər ki, bütün bunlar müxalifətin birgə keçirəcəyi mitinq öncəsi təzyiq kimi qiymətləndirilir.

“Mitinqin keçirilməsilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. Hələ məlum deyil ki, mitinqə icazə veriləcək, ya yox, hakimiyyət isə indidən təzyiqlərə başlayıb”.

Aprelin 11-nə təyin olunan növbədənkənar prezident seçkilərinə etiraz olaraq, Milli Şura və Müsavat Partiyası birgə "Ümumxalq mitinqi" keçirmək qərarına gəliblər.

Xatırlatma

2016-ci il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində qanunvericiliyə edilmiş dəyişikliklərə görə, Azərbaycan Prezidentinə növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti verilib.

2018-ci il fevralın 5-i prezident İlham Əliyev 11 aprel tarixində növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.

Müxalif Müsavat və Xalq Cəbhəsi partiyaları, Milli Şura seçkilərin antidemokratik şəraitdə keçirildiyini bildirirərək, ona qatılmaqdan imtina ediblər.

15-ə qədər partiya sədri, deputat və fərdi şəxs prezidentliyə namizədliklərini irəli sürüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun