Martın 17-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası baş tutub.
Bu barədə MSK-nın mətbuat xidməti məlumat verib.
Bildirilir ki, iclasda Azərbaycan Prezidentliyinə namizədliyi Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən irəli sürülən Əli Əliyevin, prezidentliyə namizədliyini öz təşəbbüsü ilə irəli sürən Tural Abbaslının, prezidentliyə namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovun namizədliyinin qeydə alınması məsələsinə baxılıb.
Qeyd edilən namizədlər imza vərəqələrini, namizədin qeydə alınması üçün zəruri seçki sənədlərini MSK-ya təqdim ediblər.
Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən S.Məmmədovun namizədliyinin qeydə alınması məsələsi səsverməyə çıxarılaraq qəbul edilib.
Prezidentliyə namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Tural Abbaslı müəyyən nöqsanlara yol verdiyi üçün onun namizədliyi qeydə alınmayıb.
Vətəndaş və İnkişaf Partiyası (VİP) tərəfindən namizədliyi irəli sürülən Əli Əliyevin də namizədliyi qeydə alınmayıb.
Bununla da Prezidentliyə namizədlərin qeydə alınması prosesi başa çatıb. Ümumilikdə 8 nəfərin namizədliyi qeydə alınıb:
Bunlar Prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur.
Xatırlatma
2016-ci il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində qanunvericiliyə edilmiş dəyişikliklərə görə, Azərbaycan Prezidentinə növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti verilib.
2018-ci il fevralın 5-i prezident İlham Əliyev 11 aprel tarixində növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.
Müxalifət partiya və təşkilatları seçkilərin antidemokratik şəraitdə keçirildiyini bildirirərək, ona qatılmaqdan imtina ediblər.
15-ə qədər partiya sədri, deputat və fərdi şəxs prezidentliyə namizədliklərini irəli sürmüşdü.