''Normal ölkələrdə namizəd seçkiyə qatılırsa, öz vəzifəsindən istifadə edərək dövlətin verdiyi resurslardan yararlana bilməz''.
11 aprel növbədənkənar prezident seçkisi ərəfəsində müzakirə olunan məsələlərdən biri də hazırkı ölkə başçısı İlham Əliyevin namizədliyinin qeydə alınmasından sonra imzaladığı sərəncam və fərmanlarla bağlıdır. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan İlham Əliyevin dövlətin imkanlarından yararlanmasının qanuni baxımdan izahı müxtəlif məzmunda dəyərləndirilir.
MSK-nin sabiq üzvü, hüquqşünas Akif Qurbanov bildirib ki, Azərbaycanda təşviqatı Seçki Məcəlləsi tənzimləyir, təşviqat da seçki gününə 23 gün qalmış başlayır. Hətta namizəd rəsmi olaraq tez qeydə alınsa da, seçki gününə 23 gün qalmış təşviqat kampaniyasına başlaya bilər. Seçkiyə 1 gün qalanda da təşviqat dayandırılmalıdır.
Ancaq Akif Qurbanov ölkə qanunvericiliyində bu məsələnin tənzimlənmədiyinə təəssüflənir:
“İstər MSK üzvü olarkən, istərsə də vətəndaş cəmiyyətinin təmsilçisi kimi dəfələrlə əsaslı və arqumentli rəylərimizi ifadə etmişik. Seçki Məcəlləsinin əsas prinsiplərindən biri bütün namizədlərə bərabər imkanların yaradılmasıdır. Həm də namizədlər bərabər imkanlara sahib olmalıdır. Qanunvericilik elə tənzimlənməlidir ki, bütün namizədlər həm maddi, həm də təşviqat aparmaq imkanları baxımından bərabər imkanlara malik olsunlar. Təəssüf ki, indiki situasiya heç bir imkanı mümkün etmir. Başqa bir mübahisə olunan məsələlərdən biri mövcud vəzifədə olan şəxsin namizəd olarkən atdığı addımlardır. Normal ölkələrdə namizəd seçkiyə qatılırsa, öz vəzifəsindən istifadə edərək dövlətin verdiyi resurslardan yararlana bilməz. Atdığı addımlar seçkiyə təsir kimi qəbul edilərsə, həmin namizəd ondan çəkinməlidir. Azərbaycanda prezident seçkinin vaxtı elan olunandan, namizədliyi irəli sürüldükdən və qeydiyyata alındıqdan sonra da mütəmadi sərəncamlar imzalayır. Maaş və pensiyaların artırılması son bir ayda çox aydın göründü. Halbuki, həmin sərəncamlar bir formada verilə və bütün dövlət büdcəsindən maliyyələşən kateqoriyaların maaşlarının artırılmasını göstərə bilərdi. Amma bu proses mütəmadi və silsilə xarakter alıb, hər gün bir qrupun maaş və pensiyalarının artırılmasına dair sərəncamlar imzalanırsa, deməli, təşviqat xarakteri daşıyır. Hətta “prezident öz vəzifəsini icra etməlidir” arqumentini başa düşsək də, birdəfəlik sərəncam verib deyərdi ki, yeni il başlayıb və buna əsasən maaşları artırırıq. Amma bu silsiləvi şəkildə davam edirsə, prezidentin seçicilərə xoş münasibəti kimi təqdim olunur, nəticədə vətəndaşların onun xeyrinə bir təşviqat kampaniyasıdır. Təəssüflər ki, prezident təbliğatçıları bu arqumentlərə “ölkə başçısı vəzifəsini icra etməliidir axı” deyə bildirirlər. Mən misal kimi Türkiyəni göstərə bilərəm, orda Baş nazir seçki zamanı təyyarə və maşın kortejindən istifadə etmir. O da başqa namizədlər kimi partiya resurslarından yararlanır”.
Akif Qurbanov deyir ki, Azərbaycanda keçirilən seçkilər zamanı prezident təşviqat kampaniyası apardığını göstərmir, yaxud heç ehtiyac da duymur:
“Bu, seçkidə siyasi kampaniyanın olmadığını göstərir. İlham Əliyev YAP-ın namizədi kimi seçki kampaniyası aparmır, partiyanın ayrı-ayrı strukturları bu işi görür. İkinci, prezident namizəd olmasına baxmayaraq, prezidentlik resurslarından istifadə edib öz xeyrinə açıq yozula biləcək addımlar atır”.
Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfqarlı isə İlham Əliyevin sərəncamlarını qanunauyğun hesab edir.
Məhərrəm Zülfüqarlı təşviqat kampaniyasının martın 19-da başladığını xatırladaraq bildirib ki, həmin günə qədər prezident kimi İlham Əliyev fəaliyyətini davam etdirir:
“Ümumiyyətlə, son vaxtlar rəsmi görüşləri Birinci vitse-prezident Mehriban Əliyeva keçirir və bu da qanunuyğundur.
“Martın 19-dan sonra hər hansı sərəncam imzalansa, münasibətiniz necə olacaq” sualına Məhərrəm Zülfüqarlının cavabı belə olub:
“O baxır sərəncama, müəyyən sərəncamlar təbliğat xarakterli deyil, dövlət üçündür. Orda elə bir qanunsuz hərəkət yoxdur. Məncə, təşviqat kampaniyası qanuni keçiriləcək”.
Azərbaycanda aprelin 11-də növbədənkənar prezident seçkisi keçiriləcək.
Prezidentliyə namizədliyi qeydə alınmış şəxslərin sayı 7-yə çatıb.
MSK 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Daha öncə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevin, Zahid Orucun, Qüdrət Həsənquliyevin, Araz Əlizadənin prezidentliyə namizədliyini qeydə alıb.
MSK sədri Məzahir Pənahov namizədlik vəsiqəsini İlham Əliyevə Prezident Administrasiyasında təqdim edib və bu, ictimailəşdirilib. Digər namizədlərə vəsiqələrin verilməsi prosesi haqda məlumat yoxdur.