Rüfət Səfərov: "İşgəncədən qalan xəsarətləri Ombudsman Aparatının əməkdaşları da görüblər"

Rüfət Səfərov: "İşgəncədən qalan xəsarətləri Ombudsman Aparatının əməkdaşları da görüblər"
19 Mart 2018
Mətni dəyiş

Martın 19-da Bakı Apelyasiya Məhkəməsində həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun Xəzər Rayon Məhkəməsinin qərarından verilən şikayətinə baxılıb. 

Məhkəmə hakim Qədim Babayevin sədrliyi ilə keçirilib.

Qapalı keçirilən məhkəmədə iştirak edən Rüfət Səfərov işgəncəyə məruz qaldığını təsdiqləyərək, cəzaçəkmə müəssisəsində onunla görüşmüş Ombudsman Aparatının əməkdaşlarının onun üzərində olan xəsarətləri gördüklərini bildirib. Vəkil həmin əməkdaşların məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb.

Keçmiş müstəntiq məhz hüquq-mühafizə sistemindəki qanunsuzluqları tənqid etdiyinə görə həbs olunduğunu, indi də işgəncəyə məruz qaldığını vurğulayıb:

“Amma bütün bunlar məni sındıra bilməz. Əvvəlki fikrimdə qalıram”.

Məhkəmə nə Rüfət Səfərovun vəsatətini təmin etməyib. Bununla bərabər, keçmiş müstəntiqin apelyasiya şikayəti də təmin edilməyib.

R.Səfərovun vəkili Bəhruz Bayramov 2017-ci il sentyabrın 22-də 9 saylı cəzaçəkmə müəssisəsində müvəkkilinə rəis müavini Azər Qurbanzadənin iştirakı ilə işgəncə  verilməsinə dair iddiaların araşdırılması üçün prokurorluğa və başqa orqanlara müraciət etmişdi.

Bundan sonra Ombudsmanın nümayəndələri R.Səfərovla görüşmüş, həmçinin prokurorluğun əməkdaşı gəlib ondan izahat almışdı.

Həmin ilin noybar ayında Xəzər Rayon Prokurorluğu işgəncəyə görə cinayət işi başlanması tələbinin rədd edərək R.Səfərovun şikayətinin təmin etməmişdi.

Xatırlatma

Rüfət Səfərov 2015-ci il dekabrın 20-də ölkədəki, o cümlədən prokurorluq sistemindəki kütləvi qanunsuzluqlara etiraz olaraq, Zərdab Rayon Prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verdiyini bəyan edib.

Qısa müddət sonra, Bakıdan Zərdaba ezam olunmuş prokurorluq əməkdaşları tərəfindən onun yaşadığı evdə axtarış aparılıb, əşyaları götürülüb. Bundan sonra, R.Səfərov barəsində cinayət işi başlanaraq həbs edilib.  Zərdabdakı idarə rəhbərlərindən rüşvət almaqda ittiham olunan keçmiş müstəntiq 9 il müddətinə azadlıqdan məhrum edilib.

R.Səfərov ittihamları qəbul etmir. Ona qarşı irəli sürülən ittihamların sifarişli olduğunu bildirən R.Səfərov, hakimiyyəti tənqid etdiyinə görə həbs olunduğunu bildirir. Onun sözlərinə görə, hakimiyyət bununla həm də ona qarşı çıxacaq başqalarının da gözünü qorxutmaq məqsədi güdür.

R.Səfərov YAP-ın keçmiş üzvü, sabiq deputat, Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun övladıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun