Sumqayıtda yeni dənizkənarı bulvarın tikintisində iştirak edən bir qrup sahibkar aclıq aksiyasına başladığını açıqlayıb.
Yerli icra hakimiyyətinin onlara borclu olduğunu və bunu ödəmədiyini iddia edən 10-dan artıq sahibkar problem çözülənə kimi aksiyanı davam etdirəcəklərini bildiriblər.
Sahibkarlar deyiblər ki, onları abadlaşdırma işlərinə Sumqayıt Şəhər İcra Hakimiyyətinin (İH) seçdiyi podratçı şirkətin rəhbərliyi və İH-in memarlıq və tikinti şöbəsinin müdiri cəlb edib.
“Prezident Sumqayıta gəldi, abadlıqdan razı qaldı, getdi,…”
“Abadlaşdırma işləri aparılan zaman podratçı şirkətə ilkin olaraq pul ödənmişdi. Bizə olan borcun bir hissəsi o zaman verildi. Qalan əsas hissə də sonra ödənilməli idi. Prezident Sumqayıta gəldi, abadlıqdan razı qaldı, getdi, daha sonra bizim pulu vermədilər”, – aclıq edən sahibkarlar bildiriblər.
Onlar deyir ki, podratçı şirkətin rəhbəri 2015-ci ilin sonunda həbs edilib.
Sumqayıtda sahibkarlar aclıq edir. Divarda plakatlar.
Pullarını ala bilməyənlər sırasında İsa Qasımov, Eyvaz Abbasov, Məhəmməd Əsgərov, Çingiz Mansurov, Bilal Piriyev, Zöhrab Rzayev və başqaları var.
Fəhlələrin də maaşlarının verilmədiyi deyilir.
E.Abbasovun 200 min, M. Əsgərovun 176 min, Ç.Mansurovun 250 min, Z.Rzayevin 264 min manatdan artıq alacağı olduğu iddia edilir.
Bundan başqa tikinti işlərində çalışmış bəzi fəhlələrin də əməkhaqlarının verilmədiyi deyilir.
Ona 119-min manatdan artıq verilməli olduğunu bildirən sahibkar Aydın Abdullayev şikayətini belə ifadə edib:
“Vermirlər, artıq bezmişik. Müraciət etmədiyimiz instansiya qalmayıb, heç bir reaksiya verilmir. Pulumuz yoxdur, dolana, yaşaya bilmirik”.
Onun sözlərinə görə, sahibkarlar abadlaşdırma zamanı müxtəlif xidmətlər göstəriblər.
“Bir il alı ay prezident administrasiyasina gedib, gəlirik”
“Bir il altı ay prezident administrasiyasina gedib, gəlirik. Sumqayıt İcra Hakimiyyətində bizi daha heç qəbul edən də yoxdur. Məcbur olduq aclıq aksiyasına başlayaq. Başqa əlacımız qalmadı. Sumqayıt icra hakimiyyətindən yardım istəmirik, müavinət istəmirik. Halal zəhmət haqqımızı istəyirik”, – sahibkar bildirib.